Qarabağ qazisi evini satmaq istəyir, sata bilmir - ARAŞDIRMA

1992-ci ilin may ayında Milli Ordu sıralarına daxil olan Əflatun Vəliyev I qrup Qarabağ müharibəsi əlilidir.

 

APA TV-nin xəbərinə görə, Vətən uğrunda xidmətlərinə görə “Azərbaycan Ordusunun 100 illiyi Yubiley Medalı” ilə təltif olunan Qarabağ qazisi cəsarətli tankçı kimi uğurlu döyüş əməliyyatlarının iştirakçısı olub.

 

Cəbhənin Tovuz və Qazax istiqamətində gedən döyüşlərdə ağır kəllə-beyin travması, kontuziya alan həmsöhbətimin səhhəti hazırda kəskin ağırlaşıb: “2007-ci ilə qədər baş-beyin müayinəsi aldım. Sonrada maqnit rezonans tomoqrafiya nəticəsində diaqnozum dəqiqləşdi. Onurğanın iki ədədi ancaq Almaniyada dəyişdirilməli və platin onurğa qoyulmalıdır”.

 

Mütəxəssislər ona təcili əməliyyat olunmağı məsləhət görür. Əflatun Vəliyev deyir ki, müalicəsi üçün evini satmaq qərarına gəlib. Amma bu məsələdə də daha  ciddi problemlə qarşılaşıb: “Evi satmaq üçün sənəd istəyirlər. 2003-cü ildə Tovuz şəhəri ərazisindəki  Təsərrüfatlararası Səyyar Mexanikləşdirilmiş Dəstə qarajının ərazisini satırdı. Öz mühəndislərinin dəst-xətti ilə ərazi bölündü, şəkli çəkildi. İdarənin balansına o vaxtkı pulla səkkiz milyon yarım pul ödədim”.

 

Ödəniş kağızlarını bu günədək özündə saxlayan Əflatun Vəliyev deyir ki, Tovuz şəhər Torpaq Şöbəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində sənədlərinin qeydiyyatdan keçirmək istəyib: “Bütün sənədlərimi xəritəyə əlavə edib, mənə dövlət aktı təqdim ediblər. Daha sonra məsləhət gördülər ki, mən Tovuz Bələdiyyəsinə müraciət edim, beləliklə, 950 min manat da bələdiyyənin balansına köçürdüm. Söhbət 2004-cü ildən gedib, ödənişi Tovuzdakı “BusBank” vasitəsilə etmişəm və qəbzlərim də var. Eyni zamanda dövlət aktını almaq üçün 6 min manat da xərc çəkmişəm və yenə qəbzlə”.

 

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə üz tutan I qrup Qarabağ müharibəsi əlilinə bildirilib ki, onun dövlət aktı aldığı və hasar çəkib ev tikdiyi ərazinin koordinatları xəritə üzrə düzgün göstərilməyib. Beləliklə, sağlamlığını bərpa etmək üçün evini satmaq istəyən Qarabağ qazisinin üz tutmadığı ünvan qalmayıb: “Sonra dedilər ki, bu sənəd düz deyil. Dedilər, 60 sot ərazini satan Tovuz şəhəri ərazisindəki Təsərrüfatlararası Səyyar Mexanikləşdirilmiş Dəstənin rəhbəri bu ərazini özəlləşdirib, sənə notarial qaydada satmalıdır. Mən 60 sot torpağın 16 sotunu alıb ev tikmişəm”.

 

Bütün bunlardan sonra Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə üz tutan Qarabağ qazisi vətəndaş qəbuluna yazılır. Xidmət vətəndaşa bildirir ki, sözügedən torpaq sahəsi Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yerli qurumlarının nümayəndələrinin iştirakı ilə GPS aləti vasitəsi ölçülərək, faktiki koordinatları müəyyən edilib.

 

Dövlət Komitəsinin şöbə müdiri Qulu Xəlilov APA TV-yə deyib ki, Tovuz şəhəri ərazisində 71 saylı Təsərrüfatlararası Səyyar Mexanikləşdirilmiş Dəstə fəaliyyət göstərib. Həmin torpaq sahəsinin üzərində olan tikili və qurğular komitənin 23.11.1998-ci il tarixli 1509 nömrəli sərəncamı ilə İmamverdiyev Baba Qaməd oğlunun adına özəlləşdirilib və ərazinin ümumi torpaq sahəsinin 2301 kvadratmetri Tovuz şəhər bələdiyyəsi tərəfindən vətəndaş Vəliyev Əflatun Musa oğluna satılıb. Hazırda məsələ vətəndaşla Tovuz şəhər Bələdiyyəsi arasında məhkəmə müstəvisində öz həllini tapmalıdır.

Müəllif | Apa.Tv
Apa.tv