Qarabağ qazisinin köməyə ehtiyacı var - SOS
Onun ən böyük arzusu tezliklə ayağa qalxıb nəvələri ilə vaxt keçirməkdir.
APA TV-nin məlumatına görə, birinci Qarabağ müharibəsinin iştirakçısı olan Xocalı sakini Rafael Ağayev qaraciər sirrozundan əziyyət çəkir. Həkimlər deyir ki, Qarabağ qazisi tez bir zamanda qaraciyər transplantasiyası əməliyyatı keçirməzsə, onu itirə bilərik.
1991-ci ildə cəbhəyə könüllü yollanan Rafael Xocalı faciəsinin şahidi olub və doğma şəhərini sona kimi müdafiə edib. Qəhrəmanımız Xocalını sonuncu tərk edənlərdən biridir.
Daha sonra Laçın rayonu uğrunda gedən döyüşlərə qatılan Rafael İsmayılov 1992-ci il may ayında döyüşçü yoldaşları ilə birlikdə minaya düşüb. Bundan sonra o yerimə qabiliyyətini itirib. Keçmiş döyüşçü o günləri belə xatırlayır: “Maşınla gedirdik, minaya düşdük. Minaya düşən zaman neçə nəfər həlak oldu. 2 nəfər sağ qaldı. Onlardan biri də mən idim. Sonra bizi Gəncə hosbitalına gətirdilər. Gəncə hosbitalından dedilər ki, burada müalicənin heç bir xeyri yoxdur. Hər ikimizi Bakıya, Papanindəki hərbi hospitala gətirdilər. O zamandan bəri 28 ildir ki, əzab-əziyyət içində yaşayıram”.
Qarabağ qazisi deyir ki, aldığı pensiya heç dərmanlarının pulunu ödəmir: “Qaraciyər sirrozuyam. Hazırda qaraciyər fəaliyyətini dayandırmaq üzrədir. Bütün damarlarım tromblaşıb, işləmir. Bax bu şiş ona görə yaranıb. Görürsünüz, nəfəs alıb danışa bilmirəm. Problemimiz odur ki, müalicə üçün vəsait yoxdur. Dövlət tərəfindən aldığım pensiya heç dərmanlarıma çatmır. Elə dərmanlar var ki, bir ədədi 100 manatdır”.
Rafael İsmayılovun sözlərinə görə, səhətində yaranan problemlə bağlı dəfələrlə xəstəxanalarda müalicə alıb. Amma bütün bunların ona heç faydası olmayıb: “Müalicə olunmaq üçün xəstəxanalarda yatmışam. Çox yerlərə müraciət etmişəm, amma heç bir nəticəsi yoxdur. Dövlət xəstəxanasından təzə gəlmişəm. Özünüz görürsünüz, nəticə vermir. Çünki effektli müalicə yoxdur”.
Hazırda yataq xəstəsi olan qəhrəmanımızın ən böyük arzusu tez bir zamanda ayağa qalxmaq və nəvələri ilə vaxt keçirməkdir: “Tək istəyim budur ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva mənim müalicəmlə əlaqədar köməklik etsin. Mənə yardım edin. Bəlkə Allah verən ömürdən 5-10 il yaşaya bildim. İmkanlı şəxslərdən, dövlət qurumlarından, kimin nəyə imkanı çatırsa, köməklik gözləyirəm ki, bu bəladan qurtulum”.
Həmsöhbətimizin qardaşı, onunla neçə-neçə ağır döyüşlərdə iştirak etmiş İsrayıl İsmayılov isə deyir ki, yeganə ümidləri onlara olunacaq maddi yardımdır. Qardaşının vəziyyəti isə günü-gündən ağırlaşır: “Qardaşıma qaraciyər köçürülməsi üçün 60 min manatdan çox vəsait lazımdır. Buna da bizim imkanımız yoxdur. Üzümü imkanlı şəxslərə tuturam. İmkanlı şəxslər, cənab Prezidentimiz, hörmətli Mehriban xanımdan kömək istəyirik”.
Qarabağ qazisinə yardım etmək istəyən şəxslər aşağıdakı nömrələrlə əlaqə saxlaya bilər:
055-771-57-26, 055-250-50-41, 055-632-87-87.
Həmidağa Məcidov,
Əli Ələkbər,
APA TV