Qarabağa böyük köçün İLK HƏFTƏSİ – AĞALIDAN REPORTAJ

“Nəhayət ki, Zəngilan torpağına qədəm qoyduq. Əsas hədəf yeni Ağalı kəndinə getməkdir. Orada dörd mərhələli köç prosesinin ilk mərhələsinin başa çatmasını çəkməyə gedirik...” Önəmli hadisələrin eşiyindəyik. “Ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə əhalinin köçürülməsinin şahidi oluruq. Bu, ilk mərhələnin sonuncu köçüdür. Masazırın “Zəngilan Şəhərciyi”ndən gələn dördüncü karvan, gözləri doğma yurduna qayıtmaq sevinciylə yaşaran adamlarla doludur. Düz 11 ailədən ibarət 58 nəfər müasir infrastrukturlu kənddə onlara verilmiş evlərdə daimi məskunlaşmağa hazırlaşır... Onların əksəriyyəti müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayıb. Sürgün həyatının təkcə keşməkeşli anlarını yox, imkansızlığın dəhşətli üzü, yurd həsrətinin acı simasını da yaxından görüb. Boş yerə deyil ki, köçürülənlər arasında Birinci, İkinci və Üçüncü Ağalı kəndlərinin hər birinin sakinləri var. Mövcud qanunvericiliyə əsasən, məcburi köçkünlər daimi yaşayış yerlərinə qayıtdıqdan sonra üç il müddətində dövlətin onlar üçün müəyyən etdiyi sosial müdafiə tədbirlərindən yararlana biləcəklər. Yeni ağıllı kəndə köç edən ailələrdən biri də Göyüşovlar ailəsidir. Onlar təxminən biraz əvvəl öz yeni evlərinə köç edirdilər. Əşyalarını daşıyırdılar. Üzlərində sevinc var. Bu, aydın məsələdir ki, həm Vətən torpağına qədəm qoyduqları, həm də öz yeni evlərinə qovuşduqları üçündür. Biz istərdik, həmin o hissləri izləyicilərimizə təfərrüatı ilə çatdıraq... Yeri gəlmişkən qeyd edək ki, Şamxal Göyüşov burada təkcə öz ailəsinin keşiyində dayanmayacaq. O, bütün Ağalı sakinlərinin səhhətindən məsul olacaq. Çünki Şamxal Göyüşov “Salam Doktor” tibb məntəqəsinin işçisi olacaq: “Bizim ailəyə bu təklif ediləndə ki, belə bir şey var, sevincimin həddi-hüdudu yox idi. Çox sevincliyəm ki, mənzillə təmin olunduq, işimizlə təmin olunduq, gözəl şəraitlə təmin olunduq. Allah dövlət başçımızın canını sağ eləsin. Şəhidlərimizə rəhmət eləsin. Yəni, sevincimizin həddi-hüdudu yoxdur. Üç dənə körpə balam ilə gəlmişəm. Sevinirəm”. Əslində Ağalı kəndinin ağıllı olduğunu düşünmək üçün əlimizdə yetərincə səbəb var. Birincisi, ona görə ki, bu kənd digər kəndlərdən dəfələrlə fərqlənir və bütün növ innovativ yeniliklərlə təmin olunub. Bizim kənd təsəvvürlərimizdən dəfələrlə fərqli və müasir bir model formalaşdırılıb. Bizim kənd dediyimiz anlayış Zəngilanın Ağalı kəndi timsalında yeni bir formata keçid etmiş olur. Ümumilikdə “ağıllı kənd” konsepsiyasına uyğun inşa olunan Ağalı kəndində 4 mərhələdə 41 ailə, yəni 201 nəfər məskunlaşıb. Qeyd edək ki, Ağalı kəndinə əhalinin köçürülməsi Böyük Qayıdışın ilk qədəmləridir. Bu insanlar həmin torpaqlara quruculuğa gedirlər. O torpaqlarda yeni həyatı başlatmağa gedirlər. Bir növ o torpaqlara Vətən deyə bilməyimiz üçün həmin yerləri vətənləşdirməyə, qədəm basmağa gedirlər...

Müəllif | Apa.Tv
Apa.tv