Qarabağa gedəndə buna diqqət edin - Hər an partlaya bilər

ANAMA vətəndaşlara xəbərdarlıq edib.

APA TV-nin Qarabağ bürosunun verdiyi məlumata görə, ANAMA vətəndaşları işğaldan azad olan ərazilərdə yandırıcı maddələrdən istifadə etməməyə çağırıb. Müsahibimiz supervayzer Natiq Əsədov deyir ki, havanın istiləşməsi ilə bağlı indi minalı ərazilərdə yanğının çıxma ehtimalı çox yüksəkdir. Yanğın çıxan ərazilərdə isə hərbi sursatların partlama riski yüzə -yüz artır. Bu səbəbdən də hər hansı məqsəd və ya tapşırıq üçün işğaldan azad olan ərazilərə səfər edən şəxslər çox diqqətli olmalıdır.

Ermənilərin uzun illərdir minaladığı Azərbaycan torpaqlarında bu gün də mina partlaması nəticəsində sağlamlığını və ya həyatını itirənlər var. Müsahibimiz deyir ki, düşmən mina tələlərini elə quraşdırıb ki, onların partlaması adi minanın törədə biləcəyindən daha böyük fəsadlara səbəb olur.

Azərbaycan hökumətinin sifarişi ANAMA təşkilatına çoxlu sayda minatəmizləmə maşınlar gətirilib, bu da təmizləmə prosesini sürətləndirir.

Mina təmizləyənlər işlərini başa çatdırdıqdan sonra daxili keyfiyyət yoxlamaları aparılır. Daxili keyfiyyət qruplarının yoxlamaları istər iş günün sonunda, istərsə də müəyyən olunmuş ərazilərdə təmizləmə işləri başa çatdıqdan sonra həyata keçirilir. Tamamlanmış sahələrdə aparılan yoxlamalar başa çatdıqdan sonra isə təhlükə faizi hesablanır. Məhz bundan sonra ərazidə xarici keyfiyyət qrupları yoxlamalara başlayır. Ərazilərin tam təmizləndiyi müəyyən olunduqdan sonra istifadəsinə icazə verilir.

Yay aylarında minatəmizləmə işləri daha da ağırlaşır.  Ot və kol bitkilərinin böyüməsi, minaları görünməz edir. Otlar quruduqdan sonra isə təhlükə daha da qaçılmaz olur. ANAMA xəbərdarlıq edir ki, yanğın baş verən ərazidə durmayın, həmin ərazilərə yaxın  yerlərə hərəkət etməyin,  yandırıcı maddələrdən qəti istifadə etməyin. Bir qığılcım onlarla, bəlkə də yüzlərlə hektar minalı ərazini təhlükəli ölüm mexanizminə çevirir. Qeyri qanuni yolla işğaldan azad olunmuş ərazilərə keçməyin. Qanuni yolla gedənlər isə müəyyən olunmuş xətt üzrə hərəkət etmək məcburiyyətindədir. Əks halda özünüzlə bərabər başqalarının da həyatını təhlükə altında qoyarsınız.

 

Müəllif | Apa.Tv
Apa.tv