Qarabağa gedənlər, diqqət: BU ŞƏXSLƏRƏ PULSUZ OLACAQ!

Yanvarın 24-dən etibarən Bakı – Şuşa, Bakı – Ağdam, Əhmədbəyli – Şuşa, Füzuli Beynəlxalq Hava Limanı – Şuşa, Bərdə – Ağdam istiqamətlərində şəhərlərarası müntəzəm avtobus marşrutları istifadəyə veriləcək. Reyslər Əhmədbəyli – Şuşa marşrutu üzrə həftədə 4 dəfə, digər istiqamətlər üzrə isə 2 dəfə olmaqla təşkil ediləcək. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyir ki, azad edilmiş digər istiqamətlərə də sərnişin marşrutları açılacaq: “Hazırda elan olunan istiqamətlər Şuşa və Ağdamdır. Bunun da başlıca səbəbi təhlükəsizlikdir. Artıq Şuşa şəhərində minatəmizləmə işləri aparılarkən ərazinin o qədər də çirklənmədiyi, yalnız mərmi sursatları aşkarlandığı məlum olub. Bununla yanaşı, bildiyiniz kimi, ora aparan müasir "Zəfər" yolu inşa olunub, istismara verilib və sərnişinlər ora təhlükəsiz qaydada çata bilərlər. Ağdama ötən ilin yay aylarından etibarən silsilə səfərlər təşkil olunub. O marşrut özü də tamamilə təhlükəsiz hesab olunur. İndiki mərhələdə bu, yalnız Azərbaycan vətəndaşları üçün nəzərdə tutulur. Onlar həmin ərazilərə yalnız gedib, ziyarət edib və geri dönə bilərlər”.

 

Bundan başqa, Füzuli Beynəlxalq Hava Limanı – Şuşa avtobus marşrutunun fəaliyyəti təyyarə aviareysləri ilə uzlaşdırılacaq. Növbəti günlərdə marşrut xətlərinə bilet satışı onlayn qaydada həyata keçiriləcək. Özü də sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş etməlidirlər.

 

Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov deyir ki, bunun üçün vətəndaş yalnız şəxsiyyət vəsiqəsindəki məlumatları yolumuzqarabaga.az saytına daxil etməlidir.

 

Onu da deyək ki, işğaldan azad edilmiş ərazilərə təşkil olunacaq müntəzəm marşrut avtobuslarından müəyyən imtiyazlı şəxslərə ildə bir dəfə pulsuz istifadə etmək imkanı yaradılıb. Qazilər, şəhid ailələri ildə bir dəfə pulsuz gedib gələ biləcəklər.

 

DİN-in İdarə rəisi Eldəniz Məmmədov deyir ki, işğaldan azad edilmiş ərazilərə səfərlər ilkin mərhələdə müşayiətlə həyata keçiriləcək: “İlkin olaraq bütün səfərlər müşayiətlə həyata keçirəcək. Vətəndaşlar azad olunmuş ərazilərə daxil olmamış son duracaqda onlar tabletlər vasitəsilə bir daha yoxlanacaq və polis əməkdaşı avtobusa əyləşəcək. Səfər onun iştirakı ilə təşkil ediləcək”.

 

ANAMA İdarə Heyətinin sədr müavini Samir Poladov deyir ki, Bərdə-Ağdam dəmir və Bərdə-Ağdam avtomobil yolları, Xındırıstan-Ağdam elektrik xətti keçəcək ərazilərin partlamamış hərbi sursatlardan təmizlənməsi işləri artıq yekunlaşıb, Ağdam şəhərinə gedən yol da artıq təmizlənib: “Yolun sağı və solu yaxın məsafədə təhlükəsizdir, təmizlənib. Lakin yollardan daha qırağa çıxılarsa, təhlükəyə məruz qalmaq olar. Ona görə də yalnız dayanacaqlarda gözləmək lazımdır. Təmizləmə əməliyyatları zamanı dəmir su borularının içərisinə yerləşdirilmiş xüsusi formaya salınmış xeyli sayda partlayıcı sursatlar aşkarlanıb. Buna görə də naməlum əşyalara toxunmaq olmaz, toxunulmamalıdır. Ərazidə çoxlu sayda bilbordlar, maarifləndirici materiallar yerləşdirilib, yol kənarında lövhələr quraşdırılıb, orada yer alan tələblərə əməl edilməsi zəruridir”.

 

Xatırladaq ki, Şuşada ümumilikdə 38 binada və 573 yaşayış sahəsində təmizləmə əməliyyatları həyata keçirilib. 1684 partlamamış hərbi sursat aşkar olunub. Təmizlənmiş obyektlər ANAMA-nın xüsusi nişanlama sisteminə salınıb.

 

AYTƏN SAKİTQIZI

XƏYAL İSKƏNDƏROV

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv