11:01 24 noyabr 2022 49
Ana səhifə Xəbərlər

Qarabağda anti-terror əməliyyatları başlaya bilər - Sərhəddə və Qarabağdakı atəşkəsin pozulması artır

Son vaxtlar Ermənistanla sərhədboyu ərazilərimizin Ermənistan ordusu tərəfindən atəşə tutulması halı artıb. Bundan başqa, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Şuşa, Tərtər, Füzuli, Xocavənd, Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri fasilələrlə atəşə tutulur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülür.

 

44 günlük müharibədən sonra darmadağın olan Ermənistan ordusu son günlər İran, Hindistan və Yunanıstan tərəfindən silah-sursatla təmin edilməkdədir. Görünür, Ermənistanın Baş naziri Paşinyan “ilin sonunda sülh müqaviləsinin imzalanması üçün bütün mümkün imkanlardan istifadə edəcəyəm” desə də, yenə manipulyasi ilə geosiyasi vəziyyəti məşğul etməkdə israrlıdır. Xankəndidəki separatçı rejim isə rəsmi Bakının danışıqlar təklifinə hər vəchlə qarşı çıxır, bunun alınmaması üçün əlindən gələni əsirgəmir.

 

Danışıqlarla bağlı Prezident İlham Əliyev noyabrın 17-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi, Avropa İttifaqının və bir sıra üzv ölkələrin Şərq Tərəfdaşlığı üzrə məsul şəxslərinin daxil olduğu nümayəndə heyətini qəbul edərkən də xatırladıb: “Biz bu haqda Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib”.

 

Bəs görəsən, baş verən siyasi proseslər və sərhəd boyu Ermənistan tərəfindən mövqelərimizin atəşə tutulması rəsmi Bakını hansı addımlar atmağa vadar edir?

 

Hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Rusiya və Ermənistan birgə imzalanan bəyanatlardakı öhdəlikləri yerinə yetirmirsə, rəsmi Bakı da imzasını geri çəkə bilər və proses 9 noyabr 2020-ci ilə qayıda bilər. O əlavə edib ki, atəşkəsin davamlı pozulması və Ermənistan ordusunun Azərbaycan ərazilərində mina basdırmağa davam etməsi İrəvanın imzalanmış bəyanatın şərtlərinə əməl etmək fikrində olmadığını göstərir: “Ermənistanın sülh sazişi ilə bağlı səsləndirdiyi müxtəlif formatlı bəyanatlar sadəcə beynəlxalq ictimaiyyətin fikrini azdırmaq üçün verilən bəyanatlardır. Hazırda Ermənistan 30 illik işğal dövründə sonra müharibədə dizi üstə çöküb məğlub olmasına baxmayaraq, yenə də bütün dünyanın gözü qarşısında silahlanmağa davam edir. Hindistanla, İranla və digər dövlətlərlə yeni silahların alınması üçün aktiv fəaliyyət göstərir. Xatırladıram ki, dünyada işğalçı ölkələrin silahsızlaşdırıl­ma­sı üzrə fəaliyyətlər həyata keçirməli olduğu halda bu proseslərdə növbə Ermənistana çatanda bir çox ölkələr bu məsələyə göz yumurlar”.

 

Qarabağdakı erməni silahlıların fəallaşmasına gəlincə isə ekspert əlavə edib ki, bu Rusiyadan Qarabağa göndərilən Ruben Vardanyanın gəlişi ilə əlaqədardır. Ədalət Verdiyev vurğulayıb ki, Azərbaycan bunun qarşısını almaq üçün genişmiqyaslı addımlar atmalıdır.

 

“Ermənilərin sərhəddə və Qarabağda aktivləşməsinə səbəb İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclasının keçirilməsidir”.

 

Bunu isə siyasi şərhçi Əziz Əlibəyli deyib. O əlavə edib ki, ermənilər təşkilat üzvlərinə, xüsusən də Rusiya lideri Putinə təhlükəsizlik tədbirlərinin Azərbaycan Ordusu tərəfindən “pozulduğunu” çatdırmaq istəyirlər: “Bütün bu kompleks tədbirlər ona görə baş verir ki, Azərbaycan öz üzərində məsuliyyət və bunun cavab kimi də bir haq doğuran proseslər getsin. Amma Azərbaycanın “Qisas”, “Qaragöl”, “Buzdux” əməliyyatları, Xankəndinin dörd tərəfindəki zirvələrinin Azərbaycan qoşunlarının nəzarətinə keçməsi kimi vacib aktorlar göstərir ki, proseslər yetişibdir. Yaxın günlərdə Azərbaycan anti-terror əməliyyatını reallaşdıracaq. Bu kontekstdə düşünürəm ki, noyabr razılaşmasının 4-cü maddəsi icra olunmuş olar”.

 

Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı da fikir bildirən ekspert əlavə edib ki, nə onları, nə də separatçı silahlıları 2025-ci ildən sonra bölgədə görməyəcəyik.

 

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın