Qarabağda dünyanın ən uzun avtomobil tunellərindən biri inşa edilir
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrindən biri Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun ümumi uzunluğu 82 km olacaq.
APA TV Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, layihənin 16-cı km-liyində dünyanın əz uzun avtomobil tunellərindən biri Murovdağ tunelinin inşası davam etdirilir. Tunel bir istiqamət üzrə 2 hərəkət zolaqlı və 12 metr enində olacaq. Əlavə olaraq 561.2 m, 626.9 m, 480 m və 947.9 m uzunluğunda 4 tunelin tikintisi də həyata keçirilir.
Sol və sağ hissələrdən ibarət olan, sol hissəsi 11 699.6 metr, sağ hissəsi isə 11 678.7 metr (ümumi uzunluğu 23 378.3 metr) uzunluğa malik olacaq Murovdağ tunelinin (Tunel №3) sol hərəkət istiqaməti üzrə ümumilikdə 5780 metr qazma və püskürtmə işləri, 2 937 metr isə kəmər betonu işləri tamamlanıb, sağ istiqamət üzrə isə ümumilikdə 5 990 metr qazma və püskürtmə işləri, 896 metr isə kəmər betonu işləri tamamlanıb. Bundan başqa Murovdağ tunelinin daxilində sağ və sol hissələri birləşdirən 18 bağlantı yolu (keçid tunel) inşa edilib və yeni bağlantı yolların inşası istiqamətində işlər davam etdirilir.
561.2 m uzunluğunda olan Tunel №1-də, 626.9 m uzunluğunda olan Tunel №2-də və uzunluğu 480 m təşkil edən Tunel №4-də artıq qazma, püskürtmə və kəmər betonu işləri tamamlanıb. Uzunluğu 947.9 metr olan Tunel №5-də isə qazma və püskürtmə betonu işləri tamamlanıb, kəmər betonu işləri isə davam etdirilir.
Avtomobil yolu 2, 3 və 4 hərəkət zolaqlı olmaqla I, II və III texniki dərəcəyə uyğun olaraq inşa edilir. Belə ki, layihənin keçdiyi ərazinin sərt dağlıq və qayalıq relyefinin olmasını nəzərə alaraq, yolun əsas hissəsinin II texniki dərəcəyə uyğun, yəni hərəkət hissəsinin 2 zolaqlı, yoxuşlarda isə əlavə zolaq verilməklə tikintisi nəzərdə tutulub. Murovdağ tuneli olan hissədə isə 1-ci texniki dərəcəyə uyğun 4 hərəkət zolağının inşası planlaşdırılır. Layihə üzrə I dərəcəli yolun ümumi uzunluğu 14.2, II dərəcəli yolun ümumi uzunluğu 34.8 km, III dərəcəli yolun ümumi uzunluğu isə 33 km təşkil edir.