Qarabağda iş yerləri necə bölüşdürüləcək?

"İşğaldan azad olunan ərazilərdə proqram üzrə bərpa işləri görüldükcə həmin ərazilərdə məşğulluq təmin olunacaq”.

 

APA TV-nin xəbərinə görə, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev jurnalistlərə müsahibəsində deyib: “Aktiv məşğulluq tədbirləri özünəməşğulluq proqramı və məqsədli proqramlı layihələr çərçivəsində əhalinin işğaldan azad olunan ərazilərə köçürülmə prosesinə uyğun olaraq biz orada məşğulluğu maksimum formada təmin etməyə çalışacağıq. Hazırda orada podratçı şirkətlər və müvafiq dövlət şirkətləri tərəfindən işlər aparılır və onların ehtiyacını qarşılayacaq işçi qüvvəsi təmin edilib. Biz öz növbəmizdə əhalinin böyük qayıdış çərçivəsində planlı şəkildə oraya köçürülməsini gözləyirik. Bu proses mərhələli şəkildə həyata keçirildikcə məşğulluq sahəsində də ardıcıl tədbirlər təşkil ediləcək”.

 

"Vətən Müharibəsindən sonra 35 min şəxsə 41 min xidmət göstərilib. 20 min şəhid ailəsi üzvünə sosial ödəniş təyin edilib" - deyən nazir əlavə edib ki, 10 min nəfər sosial Psixoloji dəstək xidmətlərindən yararlanıb. 1000-dən artıq şəxs təkərli oturacaqlarla təmin edilib. 163 qazimizə 174 elektron yeni nəsil protezlər verilib. Bundan sonra təxminən 12-17 belə protezin qoyulması da planlaşdırılır. Bununla da həmin şəxslərin gündəlik həyata inteqrasiya edilməsinə və əmək bazarına daxil olmasına şərait yaradılmış olacaq.

 

Nazir bildirib ki, 5 500 nəfər şəhid ailəsi üzvü və müharibə əlili özünüməşğulluq proqramına cəlb olunub: "Əlavə 2500 nəfər işlə təmin olunub. Məşğulluq marafonu vasitəsilə 1300-ə yaxın şəhid ailəsi üzvü və qazi işə düzəliblər. Bütün rəqəmlərin yekunu olaraq, 9300-dən artıq bu qəbildən olan vətəndaşlar daimi iş yerləri ilə təmin olunurlar. Vahid Əlaqələndirmə Mərkəzi vasitəsilə Bakı şəhəri tam əhatə olunur. Ötən üç ayda 4 163 şəxsə xidmət göstərilib. Şəbəkənin regionlara yayılmasını hədəfləyirik".

 

Sahil Babayev bildirib ki, Azərbaycanda məşğulluğun genişləndirilməsi hökumət siyasətinin ana xətlərindən birini təşkil edir: "30 faiz artan əmək müqavilələrinin 75 faizi özəl sektorun payına düşür. Digər tərəfdən isə əmək haqqı fondu 92 faiz artıb. Orta əmək haqqı 40 faiz, median əmək haqqı 75 faiz artıb ki, bu da Azərbaycan siyasətinin fərdi, sosial inkişaf sahəsində gördüyü işlərin nəticəsidir. Məşğulluq orqanları tərəfindən 2 300-dən çox şəxs işə düzəlib, 36 min kiçik ve mikro təsərrüfat yaradılıb ki, bu da 36 min ailənin davamlı gəlir sahəsi deməkdir”.

 

Nazir hər il 100 mindən çox gəncin əmək bazarına daxil olduğunu deyib və qeyd edib ki, onların arasında ixtisaslı işçilərin sayı o qədər də çox deyil. Bu istiqamətdə tədbirlər artırılmalı və işçi qüvvəsinin inkişafı təmin olunmalıdır.

 

 

Sevinc Vaqifqızı,

Ziya Allahyarov,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv