Qarabağda işləyəcək müəllimlərə güzəşt ediləcək?

Təhsil naziri Emin Əmrullayev məktəblərdə qeydə alınan neqativ hallarla bağlı məsələlərə münasibət bildirib.

 

APA TV-nın məlumatına görə, nazir jurnalistlərə bildirib ki, Azərbaycanda 4400-dən çox məktəb, 150 min müəllim, 1 milyon 600 min şagird var: "Çoxmilyonluq qrupda mütəmadi olaraq hər hansı neqativ hallar olur. Təbii ki, istəməzdik belə faktlar olsun. Belə hadisələr olduqca da Təhsil Nazirliyi müvafiq araşdırmalar aparıb qanun çərçivəsində həmin hadisələrə qiymət verir"

 

E. Əmrullayev deyib ki, son illərdə nazirliyin açıq neqativ hallarla bağlı hər zaman mövqeyi eyni olub, həmin hadisələr sona qədər araşdırılıb: "Sistem o qədər böyükdür ki, hansısa müəllim, direktor və ya valideyn, eləcə də şagirdlər arasında konflikt olacaq. Bunun qarşısını almaq bizim əsas arzumuzdur. Amma real dünyada yaşayırıq. Cəmiyyət bizimlə birlikdə çalışmalıdır ki, belə hallar minimallaşsın və olmasın. Belə hallar olduğu təqdirdə də Təhsil Nazirliyi mütəmadi olaraq müvafiq addımlar atır".

 

Nazir deyib ki, hər il onlarla məktəb direktoru işdən ayrılır, təhsil şöbə müdirlərinin müvafiq qaydada əmək müqavilələrinə xitam verilir: "Qeyd edim ki, bu, davamlı prosesdir. Burada söhbət 5-10 nəfərdən getmir. Nəzərə alsaq ki, 4400-dən çox məktəbdən söhbət gedir, hər direktorun da 3-4 müavini var. Məktəb kifayət qədər mürəkkəbdir. Milyonlarla insanın ünsiyyətində müəyyən neqativlərin olması mümkündür. Hər bir məsələ araşdırmalı və nəticəsi barədə də ictimaiyyətə geniş məlumat verilməlidir".

 

İşğaldan azad edilən ərazilərdə çalışacaq təhsil işçilərinə hər hansı güzəştlərin edilib-edilməyəcəyinə də münasibət bildirən nazir, bu mərhələyə hələ gəlinmədiyini söyləyib: "Şuşa və Ağdamda məktəblərin tikintisi üçün işlərə başlanılıb. Orada çalışacaq müəllimlərin gedişi də planlaşdırılır. Çünki bir neçə məqama diqqət yetirmək lazımdır. Onlar həmin ərazilərə qayıtdıqda məktəblərin həcmi və şagird sayı dəyişə bilər. Bu, çox ciddi planlaşdırma tələb edən işdir. Hazırda güzəşt paketi ilə bağlı müzakirə mərhələsinə çatmamışıq".

 

Nazir qeyd edib ki, işğaldan azad olunan ərazilərdə nə qədər müəllimin orada çalışması məsələsi də müəyyənləşməyib.

 

 

Müəllif | Apa.Tv
Apa.tv