13:04 16 Aprel 2021 139
Ana səhifə Xəbərlər

Qarabağda sökülən darvaza İran bazarında

Azərbaycan şəhər, rayon və kəndləri işğal olunduqdan sonra bu ərazilərdə daş- daş üstündə qalmayıb. Tarixi mədəni-abidələr talan edilib. Məscidlər, dini ibadətgahlar təhqir olunub, sökülüb, xaraba hala salınıb.

 

Bəs oradakı evləri, məktəbləri, uşaq bağçalarını, xəstəxanaları, doğum evlərini, müxtəlif ictimai binaları, kinoteatrları, mədəniyyət evlərini, inzibati binaları kimlər söküb, dağıdıb? Bir də ermənilər o qədər daşı, taxtanı, dəmiri hara apara bilərdi? Dağıdılmış binaların daşının bir hissəsindən ermənilər havadarları ilə birlikdə mühəndis istehkamları düzəldiblər. Bəs qalan materiallar hara aparılıb? Bütün bu sualların bir cavabı var: Bu ərazilərdə ermənilər öz havadarları ilə əlbir fəaliyyət göstərərək, ölkəmizə maddi və mənəvi zərbə vurmağa çalışıblar.  

 

Deputat Ceyhun Məmmədov mövzunu belə cavablandırıb: “Bilirsiniz ki, mən Cəbrayıl rayonunun Şükürbəyli kəndindənəm. Bizim kənd İranla sərhəddədir və kəndimizin ətrafında evlərdən heç bir əsər-əlamət yoxdur, hər şey daşınıbdır. 1993-cü ildə bizim insanlar deyirdi ki, İranda xüsusi bazar var və oranın iş adamları bu məhsulları orada satırdılar. Həmin insanlar deyirdilər ki, həmin məhsullar bizim rayondan, ərazilərimizdən aparılan dəmir qapılar, daşlar, taxta və digər məişət texnikalarından ibarət idi. Yəni, bunlar İranın Azərbaycana qarşı həyata keçirdiyi siyasətdir. İran hazırda bizi müəyyən məsələlərdə ittiham edir, amma bizim deyəcəyimiz şeylər çoxdur. İran bunu davamlı olaraq etməyə davam edir, Qarabağa gedib gəlir”.

 

Deputat bildirdi ki, Azərbaycan torpaqları işğal olunduqdan sonra İranın iş adamları davamlı olaraq Qarabağa gedib, işğal olunmuş ərazilərimizin talan edilməsində ermənilərlə bərabər iştirak ediblər. Hətta onların Qarabağda bir sıra layihələrdə, xüsusilə də infrastruktur layihələrində iştirak etdiyinin şahidi olmuşuq.  

 

Ceyhun Məmmədov deyir ki, artıq illərdir İrana tətbiq olunan embarqonun nəticəsində İran bir sıra məhsullarını Qarabağa gətirərək Ermənistan məhsulları adı altında hazırlayaraq xarici ölkələrə eksport edib. Bununla bağlı Azərbaycan tərəfində kifayət qədər faktlar mövcuddur: “Azərbaycan danışıqlar zamanı belə qərara gəlmişdi ki, heç bir xarici vətəndaş Qarabağa gedə bilməz. Bu gün də təəssüflə qeyd etmək lazımdır ki, sülhməramlıların gözü qarşısında bu hallar baş verir. Bu, tamamilə qeyri-qanuni və beynəlxalq hüquqi eyni zamanda qonşuluq prinsiplərinə zidd əməldir. Azərbaycanın İran tərəfindən istəyi odur ki, İran konstruktiv mövqe nümayiş etdirsin. İran bu kimi davranışlarla heç nəyə nail ola bilməyəcək, bizim dövlətimizin mövqeyi prinsipial, konkretdir və İran da bilməlidir ki, o, Azərbaycanın irəli sürdüyü şərtlərlə razılaşmalıdır və yeni reallıqla barışmalıdır”.

 

Siyasi şərhçi İlyas Hüseynov Vətən Müharibəsi başa çatandan sonra regionda geosiyasi reallıqların formalaşması məsələsinə toxunub. O bildirib ki, Azərbaycan tərəfi regional güclərlə və Cənubi Qafqazda olan dövlətlərlə müasir infrastruktura malik kommunikasiya və nəqliyyat xətlərinin açılması ilə bağlı təşəbbüslərlə çıxış etdi: “Laçın dəhlizindən qeyri-qanuni istifadə olunması, İranın yük maşınlarının Azərbaycan ərazisinə qanunsuz olaraq daxil olması və bunun ardınca İranın Araz boyunca təlimlər keçməsi, Azərbaycana qarşı müharibə dövründə ermənilərin irəli sürdüyü tezislər əsasında həqiqətə uyğun olmayan məlumatların dilə gətirilməsi, rəsmi şəxslərin bu tezislərdən istifadə etməsi, din xadimlərinin bu işə qoşulması ikitərəfli münasibətləri kifayət qədər gərginləşdirmişdi. Azərbaycan tərəfi həm əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, eyni zamanda 3+3 platforması əsasında İranın da burada mühüm nəqliyyat imkanlarının əldə olunması istiqamətində bütün xoş niyyətlərinin üstündən xətt çəkərək müxtəlif niyyətlər ətrafında fikir mübadiləsi aparır, Zəngəzur dəhlizinə alternativ olaraq da digər layihələrin nəzərdən keçirilməsi həyata keçirilir.

 

Siyasi şərhçinin fikrincə, Pakistanla İran arasında olan sərhədə Pakistanın Pəncşir şəhərinə ağır texnikanın cəlb olunması, Türkiyə ilə İran arasında olan nəzarət-keçid məntəqələrinin bağlanması və digər keçid məntəqələrində İranın daxil olmasının əngəllənməsi, Gürcüstan ərazisində də İran tırlarının keçirilməsinin qarşısının alınması və digər tədbirlər onu göstərir ki, İranın regional siyasətindən narazı tərəflər var.

 

Bir gerçəklik isə göz önündədir. Bu gün irəli sürülən xoş təşəbbüslərdən özünü geri çəkən İran məruz qaldığı iqtisadi sanksiyaları nəzərə almalıdır, ətrafında olan beynəlxalq həlqənin daha da daralmasının səbəblərini nəzərdən keçirməlidir. Gələcəkdə İran regional layihələrdən təcrid olunanda heç kimi deyil, məhz özünü günahkar bilməlidir. Çünki bu gün buna hamıdan çox İranın özü çalışır.

 

 İlahə Vəliyeva Faiq Həsənov APA TV

 

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın