Qarabağın 13 yaşlı şəhəri - HORADİZ ƏMƏLİYYATINDAN 26 İL ÖTÜR
Azərbaycan Silahlı Qüvvələrinin tarixinə qızıl hərflərlə yazılmış Horadiz əməliyyatından 26 il ötür. Bu əməliyyatda 702 saylı hərbi hissənin əsgər və zabitləri ilə yanaşı, Füzuli və ətraf rayonların polis əməkdaşları da iştirak edib.
Döyüşlər 1994-cü il yanvarın 5-dən 6-a keçən gecəyədək davam edib. Həmin uğurlu əməliyyat nəticəsində Füzulinin 21 yaşayış məntəqəsi, 1 şəhər tipli qəsəbə və bu gün Cəbrayıl rayonunun azərbaycanlıların yaşadığı yeganə yaşayış məntəqəsi olan Cocuq Mərcanlı kəndinin ərazilərinin bir qismi erməni işğalından azad olunub.
Bu döyüşlərdə Beyləqanın Qəhrəmanlı kəndindən olan Əlövsət Abbasəli oğlu Rüstəmov da şəhid olub. O, Füzuli rayonunun Mahmudlu, Şükürbəyli, Horadiz və Aşağı Seyidəhmədli kəndlərinin ermənilərdən geri almasında iştirak edib. Son döyüşü Yuxarı Seyidəhmədli kənd uğrunda olub. Həmin döyüşlərə şəhidin qardaşı Həsən Rüstəmov da qatılıb: "Yoldaşlarından eşitdim, İslam vardı, mənə dedi ki, Əlövsət yaralanıb. Şəhid olduğunu bilmirdim. Mən gələndə artıq İmişli rayonundan cəsədini gətirmişdilər. Mənim də dostlarım o vaxt şəhid olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin!"
Şəhidin digər qardaşı Valeh Rüstəmov onu belə xatırlayır: "Əlövsət qoçaq, igid, seçilən oğlan idi. Böyüklə böyük, kiçiklə kiçik kimi rəftar edirdi. Əlövsət idmançı olub, güləşlə məşğul olurdu. Şərəflə vuruşub, döyüşüb, şəhid olub. Fəxr edirik ki, bizim qardaşımız vətən torpağı uğrunda şəhid olub. Bu gün şükür olsun Allaha, Horadizdə 70 min əhali yaşayır. Prezidentimiz əmr versin, biz də şəhid ailəsi kimi döyüşlərdə iştirak edək. Ermənilərin hər zaman cavabını verməyə hazırıq".
Şəhidin bacısı Yeganə Rüstəmova isə övladlarının da vətənimizin ərazi bütövlüyünü bərpa etmək üçün döyüşlərə qatılmağa hazır olduqlarını deyir: "Şəhid qardaşımla fəxr edirəm. Torpaqların alınmasına sevinirəm. Övladlarıma tövsiyəm odur ki, şəhidlərimizin qanını yerdə qoymasınlar. Nə zaman döyüşə çağırsalar, şəhid ailəsi kimi hər zaman hazırıq".
Azərbaycan Ordusu əsgərlərinin dekabrın 28-də axşam başladığı hücum əməliyyatı Beyləqandan başlayıb. Bu, Azərbaycan Ordusunun birinci Qarabağ müharibəsi zamanı nəticələrini qoruyub saxlaya bildiyi ilk və yeganə zəfəri olub. Ermənilər tərk etdiyi yaşayış məntəqələrini qarət edərək yandırıblar. Azərbaycan əsgərlərinin döyüşlərdəki hünəri nəticəsində düşmən yüzlərlə hərbi texnika, nəqliyyat vasitələri və çoxlu sayda silah-sursatı qoyaraq geri çəkilib. Döyüşlərdə ağır itki verən ermənilər hətta cəsədlərini belə götürmədən ərazini tərk edib.
Xanım nənə də şəhid anasıdır. Oğlu Mehman Yəhyayev torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşdə şəhid olub. Bu zaman Mehmanın cəmi 20 yaşı olub: "Qohumlardan itirdiyim mamam qızının uşaqları oldu. Abazər adlı biri Qızılqaya hücumundan geri qayıtmadı. Bacım oğlu getdi Alxanlı kəndindən - Sahib kişinin Bayram adlı oğlu. Dayım qızının uşaqları, İltizam həkimin uşaqları biri itdi, ikisi qayıtdı. Çoxları getdi, adamın ağlında indi qalmır, axtaranda heç birini tapa bilmirəm, yadımdan çıxır. Mən elə bilirəm ki, Azərbaycanı mənim oğlum alıb verib mənə. Fərəhlənirəm ki, Horadizdə xeyli iş görülüb. Şəhəri bərpa etdirənə də, edənə də Allah kömək olsun. Mən şadam, sevinirəm ki, adı çəkilir hara getsək. Elə bil mənimlə gəzir, həmişə yanımdadır".
İşğaldan azad olunan ərazilərdə bu gün 70 min nəfərdən çox Füzuli sakini yaşayır. Bundan 30 min nəfəri təkcə Haramı düzündə yenidən qurulan yaşayış məntəqələrində məskunlaşıb. Prezident İlham Əliyevin 23 oktyabr 2007-ci il tarixli sərəncamı ilə Horadiz qəsəbəsinə şəhər statusu verilib. Cəmi 13 yaşı olan şəhərdə müasir sosial-infrastruktur layihələrinin reallaşdırılması bu torpaqlara yeni həyat verib. Əhalinin sosial rifahı üçün bütün infrastruktur yenidən qurulub.