“Qarabağ”ın oyununa niyə bilet tapa bilmədik? - Saytı kim çökdürdü?


Ötən gün minlərlə insan “Qarabağ” Futbol Klubunun bilet satışını həvalə etdiyi iTicket şirkətinin saytından elektron formada bilet əldə etməkdə çətinliklə üzləşib. iTicket.az saytının qəfil çökməsi səbəbindən Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ”- “Viktoriya-Plzen” matçına bilet almaq istəyən azarkeşlər ödəniş etsələr də, bilet əldə edə bilməyiblər. Sayt sonradan düzəlsə də, 4 sektorun hərəsində cəmi 54 biletin qaldığı görünüb. Xatırladaq ki, bu belə bir önəmli məqamda çökən yeganə sayt deyil. Mənzil İnşaatı Dövlət Agentliyinin saytı da güzəştli mənzillərin satışı günü çökmüşdü. Bərpa edildikdə məlum oldu ki, bütün mənzillər satılıb. Məsələ ilə bağlı Dövlət Təhlükəsizlik Xidməti vətəndaşların şikayəti əsasında istintaq araşdırması apardı. Məlum oldu ki, bir qrup şəxs öncədən birləşərək satış zamanı kənardan xüsusi proqramlar vasitəsilə mənzillərin seçimi prosesinə müdaxilə ediblər. Eyni hal müəllimlərin işə qəbulu zamanı da yaşandı. Miq.edu.az saytında gecə ilə vakansiyalara giriş bloklandı. Beləcə namizədlər ballarına uyğun məktəbləri seçə bilmədilər. Həmin gün axşam saat 23:00-da vakansiya seçimi başa çatdıqda məlum oldu ki, çox sayda müəllim seçim edə bilməyib. Şikayətçilər seçimlərin saxtalaşdırıldığını iddia etdilər. Bəs yaradılmasına külli miqdarda vəsait xərclənən bu saytlar niyə belə həssas məqamlarda çökürlər? Niyə hər dəfə sayt bərpa edildikdə iş işdən keçmiş olur? Çökmüş saytlarda satış necə “reallaşır”? Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz düşünür ki, problemin bir neçə səbəbi var. Bunlardan biri də maddi maraqdır: “Səbəb ilk növbədə saytın yaradıcı heyətinin qeyri-peşəkarlığından irəli gəlir. Resurs hazırlananda onun texniki texnologi şərtləri hazırlanmalıdır ki, bura eyni anda nə qədər insan müraciət edə bilər, təhlükəsizliyə dayanınıqlığı nə qədərdir və s. Bir tərəfdən də portalın yaradıcı heyəti qəsdən resursu çökdürüb, resursun xidmətlərini sui-istifadə edərək öz maddi maraqlarını güdürlər. Buradakı digər bir əsas problem isə vətəndaş ödənişi etdikdən sonra resursun çökməsidir. Bu halda ödəniş olunduğu halda vətəndaş xidmətdən istifadə edə bilmir.” Osman Gündüz əlavə etdi ki, hər 3 hadisə zamanı cəmiyyətin və vətəndaşların maraqlarına yetərincə ziyan vurulub. Bəs belə olan halda qanun nə deyir? Sualı hüquqşünas Şamil Paşayev cavablandırıb: “Portalda sistemin çökdüyü göstərir. Stadionun qarşısına getdikdə isə görürsən ki, qara bazarda bilet satılır. Satış portallarındakı çökmələrin arxasında şəxsi maraq dayanır. Onlar “Cinayət məcəlləsi”nin 273-cü maddəsinə görə, məsuliyyət daşıyırlar. Çünki kompüter, informasiya sistemlərinə qanunsuz müdaxilə, dələduzluq, insanların etibarından sui-istifadə etmək qanunsuzdur. Vəzifəli şəxslərin burada əli varsa, vəzifə səlahiyyətlərindən sui-istifadə və s. kimi maddələrlə məsuliyyətə cəlb edilə bilərlər”. Bəs ödənişi edib, pulunu geri ala bilməyənlər nə etməlidirlər? Mütəxəssislər deyirlər ki, bu cür hallarda satışı həyata keçirən portalın aidiyyəti şəxsləri ilə əlaqə saxlamaq, yardım istəmək lazımdır. Pulun geri ödənilməsindən imtina edərlərsə, mütləq məhkəməyə müraciət edilməlidir.

Müəllif | Apa.Tv
Apa.tv