Qaradağlıda 25 doğmasını itirən ailənin tək oğlu qisasını belə aldı
Erməni hərbi birləşmələri 1992-ci il fevralın 14-də Xankəndidə yerləşən keçmiş SSRI silahlı qüvvələrinin 366-cı motoatıcı alayının hərbi qüvvəsinin və texnikasının köməyi ilə Xocavəndin Qaradağlı kəndinə hücum edib. Sakinlərin kəndi qəhrəmancasına müdafiə etməsinə baxmayaraq, fevralın 17-də qeyri-bərabər döyüşlərdə Qaradağlı kəndi ermənilər tərəfindən işğal olunub. Əsir götürülənlərdən 118 nəfərdən 101 nəfəri vəhşicəsinə qətlə yetirilib. Öldürülənlərdən 21 nəfəri ahıl və qoca, 10 nəfəri qadın, 8 nəfəri məktəbli olub.
Qaradağlıda yaşanan bu kədərin, faciənin qisasını 44 günlük vətən müharibəsində Tağıyevlərin yeganə oğul övladı Elzamin Tağıyev alır.
2020-ci ildə müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarına yazılan Elzamin 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsinin ilk günündən Füzuli istiqamətində döyüşlərə atılmış, 11 oktyabrda şiddətli döyüşlər zamanı yaralanan Elzamin , 27 oktyabr tarixinə kimi hərbi hospitalda müalicə alıb yenidən Qubadlı istiqamətində gedən döyüşlərə qatılır.
Elzamin 9 noyabr tarixdə, Şuşa tam azad edildikdən sonra Xankəndi ərazisində snayperlə vurulub. O, ailəsinin yaşadığı faciənin qisasının aldıqdan sonra şəhidlik zirvəsinə ucalıb. Elzamin “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunub.