Qardaşlar arasında dava faciə ilə nəticələndi - MASALLIDA
Masallıda qardaş qardaşı qətlə yetirib.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Viləş kəndində baş verib.
Əvvəllər məhkum olunmuş qardaşlar arasında yaranan mübahisə nəticəsində 1988-ci il təvəllüdlü Rauf Musayev, böyük qardaşı, 1972-ci il təvəllüdlü Zeydulla Musayevi baş nahiyəsinə küt alətlə xəsarətlər yetirərək qətlə yetirib.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. Rauf Musayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Qeyd edək ki, hər iki qardaş, xüsusilə qətlə yetirilən Zeydulla Musayev törətdiyi müxtəlif əməllərə görə, dəfələrlə məhkum olunub. O, ömrünün təxminən 20 ilini həbsxanada keçirib. Viləş kəndində yaşayan qardaşların tez-tez mübahisə etdikləri və tüfeyli həyat tərzi sürdükləri bildirilir.
Faktla bağlı cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Tural Kərimov
Rövşən Əzimov
APA TV