“Qarğalar”ın qənimi olan Qartal - REPORTAJ
Baxma mənim az yaşıma,
Gələnlər gəlib başıma,
Yazarsız məzar daşıma,
Dön, geri gəl! Dön, geri gəl!
“Mənə nəsə olarsa, məzar daşıma bu şeiri yazarsınız” demişdi xüsusi təyinatlı qüvvələrin giziri Kərim Əliyev. 44 günlük Vətən Müharibəsində torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəmanlarımızdan biri də odur. Oktyabrın 19-da Laçın rayonu istiqamətində gedən döyüşlərdə şəhid olan və Ucar rayonunun Alpout kənd qəbiristanlığında dəfn olunan şəhidin məzar daşında öz istədiyi şeir yazılıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, uşaq yaşlarından hərbiyə xüsusi marağı olan Kərim həqiqi hərbi xidmət dövrünü başa vurduqdan sonra yenidən öz istəyi ilə hərbi xidmətə qayıdıb. Yəqin ki, rayonda hərbçi ailəsi kimi sayılıb-seçilən, hər kəsə nümunə göstərilən ailənin üzvü olmaq da ondan bunu tələb edirdi.
Kərimin böyük qardaşı Rüstəm Əliyev də hərbçidir və döyüşlərdə iştirak edib: “Döyüş yoldaşları ilə yüzdən çox erməni öldürüblər hamısı bir yerdə. Deyirlər, Kərimdə qorxaqlıq yox idi. Çox canfəşanlıq edirdi ki, torpaqlarımızdan qovaq onları. Döyüşürdü ancaq. Müharibə dövründə danışırdıq, deyirdi, qovuruq, qabağımızda dura bilmirlər, qaçırlar bizdən”.
Kərimin cəsarətini yaxından müşahidə edən döyüş yoldaşları deyir ki, onda xüsusi enerji, düşmənə qarşı qəzəb olub. Döyüşlərin birində komandirini şəhid verən Kərim həm də onun qisasını almaq üçün hər zaman ön sıralarda vuruşub.
Döyüş yoldaşı Xəyyam Quliyev deyir ki, Kərim kimi qabaqda gedən yoldaşlarımızın sayəsində erməni xüsusi təyinatları bizim qabağımızda dura bilmədilər: “Döyüşlərdə Kərimin bir çox qəhrəmanlıqları olub. Getdiyimiz mövqelərdə Kərim daim öndə gedirdi. Bir yüksəkliyi ələ keçirəndən sonra komandirlərimizin təyin etdiyi yerdə mövqe tutduq. Bizim verdiyimiz qarşılıq nəticəsində erməni xüsusi təyinatlıları bizim qarşımızda dura bilmədi. Çoxlu sayda onların xüsusi təyinatlısı məhv edildi. Onlar elə bilirdi ki, bir neçə maşın adam göndərsələr bizim üstümüzə... Ancaq onların arzuları ürəyində qaldı. Döyüş yoldaşlarımızın, Kərim kimi qabaqda gedən yoldaşlarımızın sayəsində erməni xüsusi təyinatları bizim qabağımızda dura bilmədilər. Onların hamısı məhv edildi, bir nəfər belə sağ çıxmadı. Və orada düşmənin çoxsaylı rütbəli şəxsləri də var idi”.
Kərimin digər döyüş yoldaşı Turan Ələkbərov isə deyir ki, o, Kərimin sayəsində sağ qalıb: “Biz 27 sentyabrda Füzuli istiqamətindən döyüşlərə qatıldıq. Biz döyüşərkən mən güllə yarası aldım. Mənə ilkin tibbi yardımı Kərim Əliyev göstərdi. Mənim sağ qalmağımda bilavasitə onun rolu var. Mən döyüş meydanına qayıtdıqdan sonra Kərimin necə qəhrəmanca döyüşdüyünü bütün döyüş yoldaşlarımızdan eşitdim”.
Şəhidin dayısı Müşfiq Cəfərov da hərbçidir. O, Kərimlə bağlı təkcə bacıoğlu kimi yox, həm də hərbçi həmkar kimi ünsiyyətdə olduğunu deyir: “Mən dedim ki, Qartalım, nə edirsən? Dedi ki, dayı, qarğaları dənləyirəm. Bu bizim parolumuz idi. Deyirdi ki, dayı, mən bu qarğalara imkan vermirəm ki, başını qaldırsın. Bu, bizim öz parolumuz idi, bilirdim ki, o, nə demək istəyir. Düşmənin üzərində tam qələbə qazanmış bir insan, bir hərbi qulluqçu, bir bacıoğlu kimi mən onunla fəxr edirəm”.
Şəhidin atası Məhəmmədəli Əliyev də Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. Kərimin xüsusi təyinatlı qüvvələrə yazılmasında rolu alan atanın oğlu ilə necə qürur duyduğunu gözlərindən oxumaq çətin deyil: “Kərimin hərbiyə sevgisi çox böyük idi. Onun döyüş meydanında göstərdiyi şücaət, yoldaşları arasında danışılanda mən özüm fəxr edirəm ki, mənim Kərim kimi oğlum var. Mən onun şəhidliyi ilə fəxr edirəm. Kərim döyüşə Füzuli rayonunda başlayıb. Cəbrayıl, Hadrut, Qubadlı, Zəngilandan sonra Laçın dəhlizi istiqamətində gedən döyüşlərdə şəhid olub”.
Anası İlhamə Əliyeva deyir ki, Kərim hər dəfə onunla danışanda “şəhid olsam ağlama” deyirmiş: “Müharibə dövründə bizimlə 4 dəfə danışıb, hər dəfə də deyib ki, ana, mən şəhid olsam, ağlama. Biz ona dedik ki, yaralı olsan da, biz səni qəbul edərik”.
İndi Kərimin, onun kimi qəhrəman oğullarımızın qanının axdığı Vətən torpaqlarında şanlı bayrağımız dalğalanır. Biz bu qələbəni onlara borcluyuq.
Zahid Abışov,
Devran Əsgərov,
APA TV