Qarğıdalı sahələri ilk dəfə dronlar vasitəsilə dərmanlandı – AZƏRBAYCANDA

Azərbaycanda ilk dəfə qarğıdalı sahələri dronlar vasitəsilə dərmanlanıb.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, müasir Aqro dronlar Ağcabədi rayonunun Hacılar kəndində təkrar qarğıdalı əkini sahələrində səmaya qalxıb.

 

Aqrar Elm və İnnovasiya Mərkəzinin xüsusi təlim keçmiş pilotları tərəfindən uçurulan dronlar sahələri zərərvericilərə qarşı mübarizədə istifadə olunan preparatların qarışığından hazırlanmış məhlullarla dərmanlayıb. Dərmanlama prosesini Kənd Təsərrüfatı naziri İnam Kərimov da izləyib.

 

Tədbirdən əvvəl nazir fermerlərlə təkrar qarğıdalı əkininin təşkili, məhsuldarlığın artırılması istiqamətində fikir mübadiləsi aparıb, onların təkliflərini dəyərləndirib.

 

Jurnalistlərə açıqlama verən Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov isə bildirib ki, Azərbaycanda aqrar sahədə innovasiyaların tətbiqi genişlənir: "Qarğıdalı bitkisinin hazırkı vegetasiya dövründə, boy hündürlüyünün yüksək olması dərmanlama prosesinin hansısa texnika və aqreqat vasitəsilə aparılmasına imkan vermir. Dünya praktikasında belə hallarda dərmanlama havadan dronlar vasitəsilə həyata keçirilir. Hazırda biz də Azərbaycanda təkrar qarğıdalı əkini sahələrində bu prosesi gerçəkləşdiririk. Gələcəkdə fermerlərin təsərrüfatlarda müasir innovasiya və texnologiyalardan istifadəsi daha da genişləndiriləcək".

 

Qeyd edək ki, Kənd Təsərrüfatı naziri İnam Kərimov Ağcabədi rayonuna səfəri çərçivəsində Qarabağ Atçılıq Kompleksinə, Dənli Bitkilərin Toxum Emalı Zavoduna baş çəkib, rayonun Hacıbədəlli kəndində fermerlərlə görüşüb.

 

Müəllif | Apa.Tv
Apa.tv