Qarın məhsuldarlığa təsiri - YARDIMLIDA MƏHSULDARLIQ YÜKSƏK OLACAQ
Qar bərəkət rəmzi sayılsa da, yağma zamanına görə kənd təsərrüfatına təsirləri də müxtəlif olur.
APA TV-nin cənub bürosunun xəbərinə görə, bu il Yardımlıya yağan qar isə zamanında yağdığı üçün məhsuldarlıq bol olacaq. Bu da fermerləri çox sevindirir.
Rafiq Baloğlanov deyir ki, xüsusilə gecə saatlarında şaxtaların düşməsi taxıla, tərəvəz-bostan bitkilərinə, eləcə də meyvə ağaclarına çox faydalıdır: “Bu il taxıl gözəl çıxış verib. Gözləyirdik qar olsun. Şükür Allaha qar da var. Bütün aqrotexniki qaydalara riayət etmişik. Gübrə vermişik, hər cür qulluq eləmişik. Bizdə dəmyə üsulu ilədir yəni, suvarma yoxdur. Hamımız sevinirik ki, bu il məhsul bol olacaq. Keçən il də yaxşı idi, hər hektardan 3 tonadək taxıl götürmüşdük”.
Əlizadə Şükürov isə gələn il əkin sahələrini daha da genişləndirəcəklərini bildirir: “Bu il demək olar ki, təsərrüfatımız çox ümidvericidir. 9 nəfərlə birləşib təsərrüfat qurmuşuq. 28 hektar torpaq sahəsi əkmişik. Yardımlı rayonuna qarın yağması təsərrüfatımıza stimul verdi, bərəkət verdi. Dövlətin kənd təsərrüfatına göstərdiyi dəstək bir daha bizi sevindirdi. Biz kəndliləri gələn il üçün nəzərdə tutmuşuq ki, daha geniş sahələr əkək”.
Bundan başqa, şaxtalı hava torpaqda olan zərərvericiləri və gəmiriciləri məhv edərək, məhsuldarlığın artmasına səbəb olur.
Qeyd edək ki, Yardımlıda bu il 3450 hektar sahədə əkin aparılıb. Bunun 3200 hektarı buğda, qalanı isə arpa və vələmir sahələridir.