Qarlı Bakının sağalmayan yarası – YOLLAR BUZ BAĞLADI, ELEKTRİK XƏTLƏRİ QIRILDI...
Ötən gün axşam saatlarından paytaxta yağan qar nəqliyyatın hərəkətində bir sıra problemlər yaradıb.
APA TV xəbər verir ki, mərkəzi yollar qardan təmizlənsə də, Bakının ətraf ərazilərindəki küçə və prospektlər də bunun şahidi olmadıq. Bu da ictimai nəqliyyatın işinə təsirsiz ötüşməyib:
Paytaxt sakini Nərgiz Əliyeva deyir ki, yarım saatdır marşrut gözləyir: “Düz yarım saatdır gözləyirik. Nə 1 nömrəli marşrut var, nə 2 nömrəli. Gözləyirik. Hava ilə əlaqədardır, nədir, bilinmir. Bakıya bir az qar yağan kimi vəziyyət belə olur. Hər yer iflic olur”.
Gülər Rzayeva da ictimai nəqliyyatdan narazıdır: “10 dəqiqə olar avtobus gözləyirəm. Avtobus yoxdur. Ümumiyyətlə 46 nömrəli avtobusdan şikayət edərdim. Səhərlər 46 ilə işə gəlirəm, 5-6 avtobus hamısı dolu gəlir. Avtobus gəlir, amma minə bilmirik. Çox zülm çəkirik”.
Bundan başqa, paytaxtın bir sıra ərazilərində qaz və elektirik enerjisinin verilişində problemlər yaranıb. Qarlı hava su xətləri və sayğacların donmasına da səbəb olub.
Paytaxt Bakı bu il artıq ikinci dəfədir ki, ağ örpəyə bürünüb. Qarın gəlişi bir sıra problemləri də özü ilə gətirib. Amma buna baxmayaraq qarın yağmasına sevinənlər də var.
Elə Elşad Məmmədov kimi: “Bayram kimi bir şeydir də. Qar Bakıda olmayan bir şeydir. Mən uzun müddət Moskvada yaşamışam. Ora baxanda bura demək olar ki, qar yağmırdı. Bu gün elə bil yenə Moskvaya qayıtmışam”.
Bakı Şəhər İcra Hakimiyyətinin şöbə rəisi Coşqun Cəbrayılovun sözlərinə görə, paytaxtın küçə və prospektlərində qarın təmizlənməsi həyata keçirilir. Amma... “Bakı şəhər icra hakimiyyətinin kommunal xidmətləri tərəfindən və icra hakimiyyəti aparatının məsul şəxsləri tərəfindən dünən axşamdan etibarən indiyədək Bakı şəhərinin ərazisindəki küçə və prospektlərin qardan təmizlənməsi, duzun və kimyəvi maddələrin səpilməsi prosesi həyata keçirilir. Qarın intensiv yağması bizə bir sıra problemlər yaradır. Elə hallar olur ki, biz bir küçədə bir neçə dəfə təmizlik işləri həyata keçiririk. Amma yenidən qar yağır və bu hal yenidən təkrarlanır”.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov səhər saatlarından indiyə kimi 26 yol-nəqliyyat hadisəsinin baş verdiyini deyir: “Şaxtalı hava şəraiti yollarda buzlaşmaya səbəb olub. Enişli-yoxuşlu, sərt döngələr belə tərəfimizdən nəzarətdə olsa da, təmizləmə işləri davam etdirilsə də, nəqliyyatın hərəkətində, intensivliyində müəyyən nöqsanlar yaranıb. Səhər saatlarından indiyə kimi paytaxtda 26 maddi zərərlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib”.
Qeyd edək, Bakı şəhər Dövlət Yol Polisi sürücülər xəbərdarlıq edir ki, zərurət olmadıqda şəxsi avtomobillərindən istifadə etməsinlər.
Həmidağa Məcidov,
Faiq Həsənov,
APA TV