Qarlı yollarda avtoxuliqanlıq edən sürücülər saxlanıldı - ASTARADA

Astarada qarlı yollarda avtoxuliqanlıq edən sürücülər saxlanılıb.

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qarlı hava şəraitində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq piyadalara və digər yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan sürücülər saxlanılıb. Astara sakinləri Fərid Kazımzadə və Ümid Cabbarlı idarə etdikləri “VAZ-2107” markalı avtomobillərlə rayonun Siyəkü kəndində yerləşən məktəbin qarşısında nəqliyyat vasitələri, eləcə də piyadalar üçün təhlükəli olan manevrlər və avtoxuliqanlıq hərəkətləri ediblər. İntizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan həmin sürücülər saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib.

Avtoxuliqanlıq edən Fərid Kazimzadə etdiyi hərəkətə görə peşman olduğun deyib: “Qar yağmışdı dünən kənddə, çıxdım asfalta. Bir az maşının arxasını sürüşdürdüm. Dostlarım da çəkib, paylaşıblar”.

Astara RPŞ DYPB-nın rəisi İlqar Rəhimzadə sürücülərin yol hərəkət qaydalarını kobud şəkildə pozduğunu deyib: “Sürücülər rayon ərazisində ictimai qaydanı, əhalinin dincliyini nümayişkaranə şəkildə pozaraq yol hərəkət qaydalarını müxtəlif üsullarla davamlı şəkildə pozduqları üçün tərəfimizdən saxlanılaraq onlar barədə toplanmış inzibati material aidiyyəti üzrə Rayon Məhkəməsinə göndərilmişdir”.

Rayon Məhkəməsinin qərarı ilə hər iki şəxs 15 gün müddətində inzibati qaydada həbs olunub. Ümid Cabbarlı isə əlavə olaraq 1 il müddətində sürücülük hüququndan məhrum edilib.

Tural Kərimov

Rövşən Əzimov

APA TV. Astara

 

Müəllif | Apa.Tv
Apa.tv