Qaxda 5 ailə təhlükə qarşısında – EVLƏRİNİ İLANLAR BASDI
Qaxda məcburi köçkünlərin yaşadığı evi ilanlar basıb.
APA TV-nin yerli bürosunun məlumatına görə, rayonun Əmircan kəndində, beş məcburi köçkün ailəsinin məskunlaşdığı köhnə ferma ərazisində ilanların əlindən rahat hərəkət etmək, hətta evdə yatmaq belə mümkün deyil. Bir-neçə gündür evlərin ətrafında və otaqlarda görünən ilanlar ailələr üçün əsl kabusa çevrilib.
Məcburi köçkün Rəfael Ağalarov deyir ki, bu gün səhər də eyni halla qarşılaşıblar. Belə ki, gürzə ilanı divardan evə daxil olmaq istəyərkən son anda onu öldürə biliblər.
Sakinlər artıq aidiyyəti qurumlara müraciət də ediblər. Ərazi icra nümayəndəliyinə edilən müraciət nəticəsində onlara bildirilib ki, baxış keçiriləndən sonra ilanların olduğu yerlər dərmanlanacaq. Təhlükə isə hələ də qalmaqdadır.