Qaxda bir gündə iki yol qəzası – 1 ÖLÜ, 1 YARALI
Qaxda baş verən iki yol qəzasında bir nəfər ölüb, bir nəfər isə ağır yaralanıb.
APA TV-nin məlumatına görə, ilk hadisə rayon mərkəzində qeydə alınıb.
Belə ki, rayon sakini, 70 yaşlı Məmmədəli Soltanov yolu keçərkən “VAZ-2107” markalı minik avtomobili onu vurub.
Qəza zamanı ağır bədən xəsarətləri alan piyada xəstəxanaya yerləşdirilsə də həyatını xilas etmək mümkün olmayıb.
Daha bir yol qəzası isə rayonun Ləkit kəndi ərazisində baş verib. "VAZ" və "Ford" markalı minik avtomobillərinin toqquşması nəticəsində "VAZ"ın sürücüsü, rayonun Güllük kənd sakini, 1970-ci il təvəllüdlü Şahin Manafov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olduğu üçün daha sonra paytaxt xəstəxanalarından birinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.