Qaxda çobanlara ərzaq aparan kişiyə ayı hücum etdi

Hadisə rayonun dəniz səviyyəsindən 1800 metr yüksəklikdə yerləşən Sarıbaş kəndindən təxminən 2 kilometr yuxarıda, dağlıq ərazidə baş verib. Rayonun Qaxbaş kənd sakini 57 yaşlı Fəxri Babayev təsərrüfatında işləyən çobanlara atla ərzaq apararkən yolda qəfildən ayı ilə qarşılaşıb. Ayı at belində olan Fəxri Babayevin iki ayağını da dişləyib. Ayı hücum edən zaman atın üstündə özünü möhkəm saxlaya bilən Fəxri Babayev son anda ayıdan xilas ola bilib. Xəstəxanada Fəxri Babayevə lazımi tibbi yardım göstərildikdən sonra quduzluq əleyhinə qarşı peyvənd olunub. O, ambulator müalicə almaq şərti ilə evə buraxılıb. Ayının Fəxri Babayevə hucum etməsi ilə bağlı İlisu Dövlət Təbiət Qoruğunun müdiri Azərçin Muradovun sözlərinə görə, ayıların indi aktiv dövrüdür. Onlar gecə gündüz yem dalınca gəzirlər. Azərçin Muradovun sözlərinə görə, yem axtarışında olan ayılar insanla qarşılaşdıqda yalnız çarəsiz qaldıqda özünümüdafiə məqsədi ilə hücum çəkirlər.

Vüqar Heydərov, Əhməd Fərruxoğlu. APA. TV. Qax-İlisu

Müəllif | Apa.Tv
Apa.tv