Qaxda evdə partlayış olub, yaşlı ər-arvad yanıb
Qaxda yaşayış evində partlayış baş verib, nəticədə yaşlı ər-arvad ağır yanıq xəsarətləri alıb.
APA TV-nin məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Qıpçaq kəndində baş verib.
Kənd sakini, 64 yaşlı Narıngül Osmanova yaşadığı evdə qaz sobasını yandıran zaman anidən alovla müşahidə olunan partlayış olub. Nəticədə Narıngül Osmanova və 83 yaşlı əri Hacı Osmanov müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Onların köməyinə ilk olaraq qonşuları gəliblər.
Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Tibb müəssisəsindən verilən məlumata görə, həmin şəxslərin bədənlərinin 70 faizi yanıb. Onlara lazımi tibbi yardım göstərildikdən sonra müayinə və müalicələrini davam etdirmək üçün Bakıdakı xəstəxanalardan birinə göndəriliblər.
Faktla bağlı araşdırma aparılır.