Qaxda məcburi köçkünlərin yaşadığı fermada yanğın olub

Qaxda 8 nəfərdən ibarət məcburi köçkün ailəsinin yaşadığı fermada yanğın olub.

 

APA TV-nin məlumatına görə, hadisə rayonun Cəlayir kəndində ümumi sahəsi 886 m² olan ferma binasında baş verib.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib. Yanğın nəticəsində ferma binasının yaşayış sahəsi kimi istifadə olunan hissəsinin yanar konstruksiyaları və içərisindəki ev əşyaları 12 m² sahədə, digər hissəsinin dam örtüyü 144 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

 

Qeyd edək ki, fermada əslən Laçın rayonundan olan məcburi köçkün, 1955-ci il təvəllüdlü Fazil İbrahim oğlu İlyasov və onun iki oğlu öz ailələri ilə birgə  məskunlaşıblar.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

Müəllif | Apa.Tv
Apa.tv