Qaxda minik avtomobili mikroavtobusla toqquşub – ÖLƏN VAR
APA Tv-nin məlumatına görə, hadisə bu gün saat 16:30 radələrində Qax-Şəki avtomobil yolunun Qax rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Rayonun Əmbərçay kənd sakini Namiq Məhəmməd oğlu Hətəmov idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili Bakı istiqamətində hərəkət edən, Balakən rayon sakini, 1978-ci il təvəllüdlü İlham Qardaş oğlu Kərimovun idarə etdiyi "Mercedes Vito" markalı mikroavtobusla toqquşub.
Qəza nəticəsində “VAZ” markalı avtomobilin sürücüsü Namiq Hətəmov aldığı xəsarətdən hadisə yerində ölüb.
Mikroavtobusda olan sərnişinlərdən bir neçə nəfər yüngül xəsarət alıb.
Onlara yerində tibbi yardım göstərildikdən sonra buraxılıblar. Mikroavtobusda olan sərnişinlər başqa bir mikroavtobusla Bakıya yola salınıb.
Faktla bağlı araşdırma aparılır.