“Qaya” vokal qrupunun solisti Rauf Babayev II Fəxri Xiyabanda dəfn edilib
“Qaya” vokal qrupunun solisti Rauf Babayev II Fəxri Xiyabanda dəfn olunub.
APA TV-nin məlumatına görə, dəfn mərasimi ölkədə koronavirus infeksiyana qarşı tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq kütləvilik yaradılmadan baş tutub.
Amma buna baxmayaraq mərhumun ailə üzvləri, tələbələri, yaxın dostları və dövlət rəsmiləri görkəmli musiqiçinin son mənzilə yola salınmasında iştirak ediblər.
Mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, Rauf Babayevin vəfat etməsi Azərbaycan musiqisi, bütövlükdə Azərbaycan mədəniyyəti üçün ağır itkidir: “Rauf Babayev Azərbaycan musiqisinin görkəmli nümayəndələrindən biri idi. Azərbaycanın Estrada musiqisinin inkişafı onsuz təsəvvür oluna bilməz. O, əfsanəvi “Qaya” qrupunun sonuncu üzvü idi. Onlar hamısı dünyasını dəyişib. Eyni zamanda o, ənənəni davam etdirərək ansamblın ruhunu yaşadırdı. Bu gün də Azərbaycanda “Qaya” ansamblı var və biz onların çıxışlarından yenə də zövq alırıq. Həmin bu gənclərin formalaşmasında onun xüsusi bir rolu var idi”.
Rauf Babayevin tələbəsi Cahangir Pərişani onun xasiyyətcə mülayim olduğunu deyir, həmişə gənclərə musiqinin sirlərini öyrətməyə çalışan bir müəllim kimi xatırlayır: “Allah Rauf müəllim rəhmət eləsin. Biz böyük bir insanı itirdik. Biz böyük bir şəxsiyyəti itirdik. Biz ən əsas müəllimimizi itirdik. Buna görə də çox məyusuq. Onun ailə üzvlərinə, özümüzə başsağlığı verirəm. Axır qəmimiz olsun. Allah rəhmət etsin”.
Digər tələbəsi Boris Bayramov da müəlliminin böyük sənətkar olduğunu və heç zaman xalqımız tərəfindən unudulmayacağını bildirir: “Millətimizin başı sağ olsun. Böyük sənətkarımızı itirdik. Biz musiqinin atasını itirdik. Allah rəhmət eləsin. Millətimizə, özümüzə, hamımıza başsağlığı diləyirəm. Bir daha Allah rəhmət eləsin”.
Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə deyir ki, Rauf Babayev heç zaman Azərbaycan xalqının yaddaşından silinməyəcək: “Bu Azərbaycan mədəniyyəti üçün çox ağır bir itkidir. Rauf müəllim bir neçə saat öncə dünyasını dəyişdi. O, bizim əfsanəvi “Qaya” qrupunu yaradanlardan bir idi. Doğurdan da çox ağır itkidir. Düzdür, yaşı da çox idi. Belə insanlar dünyadan köçəndə adam daha çox mədəniyyətini sevir, ona qiymət verir. Allah ona rəhmət eləsin”.
Qeyd edək ki, Rauf Babayev 1937-ci ildə anadan olub. 1961-ci ildən "Qaya" vokal instrumental qrupunun üzvü olub. 2001-ci ildən isə "Qaya" Dövlət Ansamblının bədii rəhbəri idi. Allah rəhmət eləsin.
Həmidağa Məcidov,
Faiq Həsənov,
APA TV