Qayınata kürəkənini öldürüb, meyitini isə yandırdı – LERİKDƏ DƏHŞƏTLİ QƏTL

Lerikdə qayınata kürəkənini öldürərək meşədə basdırıb.

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, dəhşətli qətl hadisəsi iyul ayının 19-da rayonun Çayrud kəndindəki meşəlik ərazidə baş verib.

Əslən Lerikdən olan, Bakının Xətai rayon sakinləri, 1960-cı il təvəllüdlü Akif Rzayev ailə münaqişəsi zəminində kürəkəni - 1981-ci il təvəllüdlü Əkbər Nuriyevi küt alətlə baş nahiyəsinə zərbələr endirməklə qətlə yetirib. O, meyiti yandıraraq meşədə basdırıb və paytaxta qayıdıb.

Əkbər Nuriyevin itkin düşməsindən narahat olan qohumları bu barədə əlaqədar qurumlara müraciət ediblər.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, həmin müraciət əsasında aparılan araşdırma zamanı törədilmiş gizli cinayətin “isti izlər”lə açılması təmin edilib.

Şübhəli şəxs qismində saxlanılan Akif Rzayev qətli törətdiyini etiraf edib. Dünən isə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Akif Rzayevin iştirakı ilə hadisə yerinə baxış keçirilib. Meyit basdırıldığı yerdən çıxarılaraq Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsində müayinə olunduqdan sonra təhvil verilib.

Qeyd edək ki, Əkbər Nuriyev 3 ildən çoxdur Akif Rzayevin qızı ilə evli olub.

Faktla bağlı cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri və intensiv istintaq tədbirləri davam etdirilir. 

 

Tural Kərimov

Rövşən Əzimov

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv