Qayıqçı Kürdə batmaq təhlükəsi ilə üzləşən iki nəfəri xilas etdi

Mingəçevirdə qayıqçı suda batmaq təhlükəsi ilə üzləşən iki nəfəri xilas edib.

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Kür çayında, Sahil parkı ərazisində baş verib.

Belə ki, 60 yaşlı qadın naməlum səbəbdən suda boğulduğu zaman onun köməyinə çatmaq üçün 16-17 yaşlı yeniyetmə oğlan çaya atılıb. Amma cəhdlərinə rəğmən, bunu bacarmayıb və əksinə, özü də batmaq təhlükəsi ilə üzləşib. Bu zaman onların dadına 27 yaşlı qayıqçı Rüstəm Ellazzadə çatıb. O, mühərrikli qayığı ilə özünü batmaq üzrə olan qadın və yeniyetmə oğlana çatdırıb. Suya atılaraq hər iki şəxsi xilas edən Rüstəm onları qayığa mindirərək sahilə çıxarıb və həkim briqadasına təhvil verib. Görülən tədbirlər nəticəsində sudan çıxarılan şəxslərin durumu stabilləşib.

Qeyd edək ki, Rüstəm Ellazzadə bir neçə ay öncə batmaq üzrə olan başqa bir şəxsi də sudan çıxararaq ölümdən qurtarıb.

 

Ehtiram Muradov

 

Müəllif | Apa.Tv
Apa.tv