Qaynar samovar, süngüyə keçirilən körpələr, nohurda intihar - UNUDULMAYAN TARİX

1918-ci il mart-aprel qırğınları zamanı bolşevik-daşnak birləşmələri tərəfindən Cavad qəzasında (indiki Salyan-Neftçala rayonları ərazisində) dəhşətli qətllər törədilib. 

 

APA TV-nin məlumatına görə, düşmən birləşmələri Xəzər dənizindən Kürün deltasına girərək çayın Muğan və Şirvan tayında yerləşən Bankə, Xıllı, Tatarməhlə, Uzunbabalı, Kürqarabucaq, Ərəbbəbirxanlı və Kürqaraqaşlı kimi onlarla yaşayış məntəqələrini yandıraraq külə döndərib. Mənfur erməni-daşnak ünsürləri həmin kəndlərdə dinc əhaliyə divan tutaraq onları diri-diri yandırıb, quyulara doldurub, qadınların kürəyinə qaynar samovar bağlayıb, körpələri süngüyə keçiriblər.

 

Ümumilikdə 18 kənddə 540-dan çox ev yandırılıb. Əhalinin mal-qarası, qızıl-zinət və digər əşyaları qarət edilib. Erməni quldur dəstələri yüzlərlə əliyalın, günahsız insanları vəhşicəsinə qətlə yetirərək Kürqaraqaşlı kəndinə kimi gəlib çatıblar.


Ramazan Paşanın 400 nəfərlik Qafqaz İslam Ordusunun bir hissəsi düşməni Salyanın Kürqaraqaşlı kəndində qarşılayıb və “Demosfen” gəmisini vuraraq batırıb. Bundan sonra düşmən pərakəndə halda geri çəkilib. Türk əsgərləri onları sona kimi təqib ediblər. Bu qanlı qırğında 2 mindən çox dinc sakin qətlə yetirilib, türk ordusunun 14 əsgəri və Ömər paşa adlı generalı şəhid olub. Şəhid olmuş türk əsgərlərinin 11 nəfəri Neftçalanın Bankə kəndində, Ömər Paşa da daxil olmaqla 4 nəfəri isə Salyanda dəfn olunub. Hər iki rayonda türk əsgərlərinin xatirəsinə abidə ucaldılıb.

 

Ermənilər digər bölgələrdə olduğu kimi, 1918-ci ildə indiki Hacıqabul rayonu ərazisində, Nəvahi kəndində 955 yerli sakini öldürüb. Onlardan 555-i kişi, 260-ı qadın, 140-ı uşaq olub. Qubalı-Baloğlan kəndində 250 kişi, 150 qadın və 135 uşaq qətlə yetirilib. Padar kəndində 80, Abdulabad kəndində 80, Meyniman kəndində 43, Rəncbər kəndində 137, Paşalıda 50 və Şorbaçıda 40 nəfər öldürülüb. Ermənilərin törətdiyi vəhşiliklərə daşnak ordusunun rəhbərlərindən biri olan Stepan Lalayan rəhbərlik edib.


Erməni daşnakları kənd sakinlərinin kürəklərinə isti samovarlar bağlayaraq onları qaçmağa məcbur ediblər. Məşhur seyid ailəsinin üzvləri olan gəlin və baldız 3 azyaşlı uşaqla birlikdə namuslarını qorumaq üçün özlərini kəndin nohuruna ataraq intihar ediblər.


Hacıqabul rayonunun Qubalı-Baloğlan kəndində 1918-ci ildə erməni-daşnak silahlı birləşmələrinə qarşı döyüşdə şəhid olan Qafqaz İslam Ordusunun 6 türk əsgəri ilə çiyin-çiyinə vuruşan 6 azərbaycanlı əsgər də şəhid olub. Rayonun Qubalı-Baloğlan kəndində kənd sakinlərindən biri-qırğınların şahidi olmuş Hənifə Mövlayev adları bu gün də məlum olmayan şəhid əsgərləri öz həyətyanı sahəsində dəfn edib. Bir neçə il əvvəl Türkiyənin Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə qəbirlərin üzərində abidə ucaldılıb, şəhid olmuş 6 türk və 6 azərbaycanlı əsgərin məzarları abadlaşdırılaraq yenilənib. Abidənin önündə Türkiyə və Azərbaycanın bayraqları dalğalanır.

 

Əlibəy Zeynallı

Elçin Həsənov

Müəllif | Apa.Tv
Apa.tv