Qazaxda kafedə dava: 1-i qadın olmaqla 4 nəfər bıçaqlandı

Qazaxda bıçaqlanma hadisəsi baş verib.

APA TV-nin qərb bürosunun xəbərinə görə, hadisə rayonun mərkəzində yerləşən kafelərin birində qeydə alınıb. 

Qazax rayonunun Qazaxbəyli kənd sakini, 56 yaşlı Şahid İsmayıl oğlu Aslanov, Yeni qəsəbə sakini, 33 yaşlı Elvin Zeynal oğlu Abbasov və Nərimanov qəsəbə sakini, 49 yaşlı Mərdan Mehralı oğlu Əliyev və 26 yaşlı Türkan Şamoyeva bıçaq xəsarətləri ilə Qazax Rayon Müalicə və Diaqnostika Mərkəzinə yerləşdirilib.

Yaralıları qəbul edən həkim bildirib ki, bıçaq yaraları alan hər 3 kişi içkili vəziyyətdə olub.

Bud nahiyəsindən bıçaq yarası alan Türkan Şamoyeva bildirib ki, bir neçə ay əvvəl icarəyə kiçik kafe götürərək işlətməyə başlayıb. Axşam saatlarında kafeyə sərxoş vəziyyətdə gələn 3 şəxsin nalayiq söyüşlərindən sonra dava başlayıb. Kafedə ona kömək edən İsrafil Camalov adı çəkilən 3 şəxsə söyüş söyməməsi üçün xəbərdarlıq etsə də, sərxoş olan bu şəxslər heç kimə məhəl qoymayaraq söyüşlərinə davam ediblər. Nəticədə kafedə əlbəyaxa dava başlayıb. Sərxoş şəxslərdən birinin pivəni gec gətirdiyi üçün Türkan Şamoyevaya bıçaq zərbəsi vurmasından sonra İsrafil Camalov da həmin şəxsləri bıçaqlayıb.

Bıçaqlanan şəxslər isə deyib ki, sözügedən kafeyə pivə içmək üçün gediblər. Şahid Aslanovun sözlərinə görə, hadisə baş verən zaman anlaqsız vəziyyətdə olub.

Dava zamanı Elvin Abbasov yan hissəsindən 4 bıçaq zərbəsi alıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv