Qazaxda orta məktəbdə bıçaqlanma baş verib

Qazaxda orta məktəbdə bıçaqlanma hadisəsi baş verib. APA TV-nin qərb bürosunun xəbərinə görə, hadisə Səməd Vurğun küçəsində yerləşən şəhər 1 saylı tam orta məktəbdə qeydə alınıb. Məktəbin IX sinif şagirdi Məhəmməd Qasımov aralarında yaşanan mübahisə zəminində X sinif şagirdi Nihat Əliyevə bıçaqla xəsarət yetirib. Nihat Əliyev dərhal Qazax Rayon Diaqnostika Mərkəzinə aparılıb. Yüngül sıyrılmış yaralar alan məktəblinin vəziyyəti yaxşı qiymətləndirilir. Məktəblilər bildirib ki, hadisə məktəbli qıza söz atmaq üstündə baş verib. Məktəbin bəzi müəllimləri suallarımıza cavab verməkdən imtina edib. Məktəbin hərbi müəllimi Füzuli Qasımov məktəbdə nəzarətin güclü olduğunu, amma bəzi şagirdlərin nizam-intizama riayət etmədiyini bildirdi. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv