Qazi: “Elə bildim şəhid oluram, başımı qoydum torpağa, gözlərimi yumdum”

Azərbaycan Əsgəri 44 günlük Vətən Müharibəsində qəhrəmanlıq dastanı yazdı. 30 illik işğala son qoyulması üçün hər kəs öz canını fəda etməyə hazır idi.

 

Milliyyətindən və dinindən asılı olmayaraq, hər kəs havasını udduğu Vətənin müdafiəsinə qalxdı. Kimisi canını fəda etdi, kimisi isə qazi oldu. Elə ona görə də hər qarış vətən torpağımız bir qəhrəmanımızın qanı ilə yoğuruldu.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, qələbəmizdə əməyi olan, döyüşlərdə canı və qanı ilə dastan yazan qəhrəmanlarımızdandır biri də avar əsilli qazimiz Ömər Bozbaxovdur.

 

Balakən rayonunun Xalatala kəndində doğulan Ömər sentyabrın 27-də Vətən müharibəsinə könüllü olaraq qatılıb. Tərtər rayonu ərazisində gedən ağır döyüşlərdə əsgər yoldaşları ilə birlikdə ağır yaralanıb: “Könüllü olaraq döyüşlərə qatıldım. Çox qürurluyam ki, qalib, şanlı Azərbaycan Ordusunun bir parçasıyam. Ayın 30-da hücuma keçəndə   düşmənin atdığı minomyot qəlpəsi mənə dəydi. Əsgər yoldaşlarım da yaralandı. Hər tərəf toz idi, əlimi başıma atdım, gördüm ki, qan axır”.

 

Başından və ayağından yaralanmasına baxmayaraq, fiziki gücü sayəsində hərbçilərimizə çatan Ömər özü ilə bərabər onlarla əsgərimizin həyatını da xilas edib: “Elə bildim şəhid oluram, başımı qoydum torpağa, gözlərimi yumdum. Qan da axırdı, əsgər yoldaşlarımın səsinə ayıldım, kömək istəyirdilər. Elə bildim ki, mənim vəziyyətim onlardan yüngüldür, ayağa qalxmağa çalışdım. Ayağa durmağa çalışanda gördüm ki, ayağım da yaralanıb. Sonra yerə yıxıldım, sürünərək bizimkilər tərəfə getdim. Sağ olsunlar, mənə, yaralanan əsgər yoldaşlarıma ilkin yardım göstərdilər. Fəxr edirəm ki, Azərbaycanın işğal altında olan torpaqlarının azad olunmasında bir qarış da olsa, əməyim oldu, az da olsa, köməyim oldu”.

 

Qazimizin anası Fitimat Bozbaxova da oğlu ilə qürur duyur: “Oğlumla fəxr edirəm vətənpərvərliyinə görə. Müharibəyə könüllü getdi. Dedi ki, qoy, bizdən sonrakı insanlar yaxşı yaşasınlar”.

 

Vətənin belə igid oğulları var olduqca, şanlı bayrağımız daim zirvələrdə dalğalanacaq.

Müəllif | Apa.Tv
Apa.tv