Qazi leytenant: “Ailə üzvlərim müharibədə olduğumu bilmirdilər”
Teymur İmanov 3 oğul atasıdır. Əslən bərdəli olsa da, Belarusda doğulub, orada böyüyüb: “Beşinci sinifdə Bərdəyə köçdük. Orta məktəbi orda bitirdim. Ondan sonra Bakıya köçdük. Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirmişəm. Universiteti bitirdikdən sonra Silahlı Qüvvələrimizdə hərbi xidmət keçmişəm, leytenantam”.
Teymur İmanov həyatının müxtəlif dönəmlərində yenidən Belarus və Moskvada yaşayıb. Amma Bakısız, doğma vətənsiz qala bilməyib və geri qayıdıb: “Sentyabrın 28-i işdən evə qayıtdım. Hərbi komissarlıqdan zəng gəldi. Dedilər ki, səhər saatlarında yaxınlaşın. Mən də deyilən zamanda orda oldum. Düz bir həftəlik təlim keçdik və ordan birbaşa Cəbrayıla yollandıq”.
Teymur ailə üzvlərinə təlim qatıldığını deyib. Nə həyat yoldaşının, nə də övladlarının onun ön cəbhədə olmasından xəbəri olmayıb: “Cəbrayıldan sonra Füzuli döyüşlərinə qatıldıq. Oktyabrın 24-də orada yaralandım. Bizim bölüm hərbi tapşırığı yerinə yetirərkən ermənilər tərəfindən minomyot atəşinə məruz qaldıq. Mən və 13 əsgər yaralandıq, 1 nəfər əsgər yoldaşımız şəhid oldu”.
Qəhrəman zabit hər iki ayağından qəlpə yarası alıb: “Elə həmin gün sol ayağımda olan qəlpələri çıxardılar. İki gün sonra isə sağ ayağım əməliyyat olundu. İndi şükürlər olsun, yaxşıyam. Amma sağ ayağım qatlanmır. 1 millimetr dərinlikdə qəlpə qalıb. Həkimlər məsləhət görmədi onu çıxarmağa, onu Qarabağın yadigarı kimi saxlayıram ayağımda”.
Vətən Müharibəsinin 44 günündən onun ömür payına 21 gün düşüb. Deyir ki, Azərbaycan Ordusunun şanlı qələbəsinin ən əsas səbəbi xalqın əsgərə inamı, birlik və bərabərlik olub: “Bilirsizmi necədir? Mən yaralandım, əsgərlərimiz məni əl üstündə çıxardılar. Bu, heç vaxt nə yaddan çıxmaz, nə də unudulmaz. Onlar elə yerindəcə mənə ilk tibbi yardım göstərdilər”.
Yenidən döyüşmək lazım gələrsə, silaha sarılmağa hər an hazır olduğunu deyir qəhrəmanımız: “Vətəninin çağırışına hazıram. Yenidən döyüşməyə və qalib gəlməyə hazıram”.
Leytenant Teymur İmanov vətənin oğul dediyi insanlarımızdan biridir. O hesab edir ki, bundan sonra Azərbaycan Ordusunun qarşısında heç bir qapı bağlı qala bilməz.
Sevinc Vaqifqızı
Faiq Həsənov