Qazi və şəhid övladları “Zəfər” avtoyürüşünə qatıldı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən avtomobillə təmin olunmuş, Vətən müharibəsi ilə əlaqədar əlilliyi olan hərbçilərin “Zəfər” avtoyürüşü təşkil olunub.
Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyev və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər. Sonra İkinci Şəhidlər xiyabanına avtoyürüş edilib, şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın məzarları ziyarət olunub.
44 avtomobilin iştirak etdiyi “Zəfər” avtoyürüşündə Vətən müharibəsi şəhidlərinin övladları da iştirak edib. Onlar müharibə veteranları ilə eyni avtomobillərdə hərəkət ediblər.
Avtoyürüşdə iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Vüsal Nəsirli müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin avtomobillə təminatı tədbirlərinin davam etdirildiyini bildirib: “Bu park Azərbaycan xalqının gücünü təcəssüm etdirən bir parkdır. Müharibədən 2 il keçməsinə baxmayaraq, 4 min mənzil və fərdi ev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim etmişik. Avtomobil təminatı proqramı çərçivəsində isə 44 avtomobillə təmin olunmuş müharibə əlillərimizin iştirakı ilə bu gün bu yürüş baş tutdu”.
44 qazinin iştirakı ilə keçirən Avtoyürüş Hərbi Qənimətlər Parkının qarşısında yekunlaşıb.
Qeyd edək ki, postmüharibə dövründə 300-dən çox, ümumən ötən dövrdə isə 7500-dən çox avtomobil müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə verilib.
Nərmin Murad,
Kamran Namazov,
APA TV