Qazilər Bakıda Zəfər avtoyürüşü keçirdi
Bakıda Vətən müharibəsi qazilərinin iştirakı ilə Zəfər avtoyürüşü keçirilib.
Tədbir iştirakçıları Zəfər avtoyürüşünə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edərək başlayıblar.
Daha sonra İkinci Şəhidlər xiyabanına avtoyürüş edilərək, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəmanların məzarları ziyarət edilib.
Yürüşdə iştirak edən digər qazilər kimi Seymur Xaliqov da onlara göstərilən diqqət və qayğıdan məmnun olduqlarını bildiriblər: ”Bizim üçün bu yürüş çox xoşdur. Qazilərlə birlikdə olmaq, bir araya gəlmək, çox gözəldir. Dövlətimizə də təşəkkür edirik ki, qısa bir zamanda bizi bu maşınla təmin etdilər. Allah canların sağ eləsin”.
Daha sonra Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev jurnalistlərə açıqlamasında deyib ki, avtoyürüş Qarabağda qazanılan möhtəşəm qələbəyə həsr olunub. Bugünkü zəfər yürüşü isə qazilərə verilən avtomobillərlə keçirilib: ”Təkcə bu il 150 avtomobil həmin kateqoriyadan olan insanlara verilib, bu davam etdiriləcək. 2200 qazimizə pensiya təyin edilib, bu işdə davam etdirilir əməkdaşlarımız tərəfindən”.
Nazir müavinin sözlərinə görə, Prezident İlham Əliyevin tapşırığı ilə Vətən Müharibəsindən sonra şəhid ailələri və müharibə əlilləri, qazilərlə bağlı genişmiqyaslı dəstək tədbirləri görülür. Artıq 33 min şəxs bu dəstək işləri ilə əhatə olunub. Onlara sosial ödənişlərin təyinatı, məşğulluq, reabilitasiya, sosial-psixolji dəstək və s. istiqamətlərdə dəstək göstərilib və hazırda da bu işlər davam edir.
Avtoyürüş Heydər Əliyev Mərkəzinin qarşısında başa çatıb
Semral Cavad,
Fariz Quliyev,
APA TV