Qazsız, susuz taxta evdə yaşayanlar - EVLƏR HƏR AN ALIŞA BİLƏR

Xəzər rayonu, Qala qəsəbəsi, Hacı Zeynalabdin Tağıyev adına Neft-Qaz Çıxarma İdarəsinin ərazisində məskunlaşan keçmiş məcburi köçkünlər mənzil şəraitlərinin pis olmasından narazıdırlar.

 

Sakinlərin APA TV-yə bildirdiyinə görə, 28 ilə yaxındır ki, köhnə barak tipli qəzalı evlərdə məskunlaşıblar. Balakişi Həsənov deyir ki, ərazidə su və qaz yoxdur, elektrikdən istifadə isə əsl təhlükə mənbəyidir. Naqillər dolaşıb, işıq dirəkləri hər an aşa bilər:  “Otaqların hər biri bu gündədir. Çölü də bu cürdür, içərisi də. Hələ yaxşısı bu otaqdır. Yağış yağan vaxt otaqlar su ilə dolur. Xahişimiz budur ki, bizi ən azından müvəqqəti sığınacaqla təmin etsinlər. Hər bir təhlükə var. Yanğın təhlükəsi, uçqun təhlükəsi. Uşaqları güclə qoruyuruq ki, başlarına bir iş gəlməsin”.

 

Hüseyn Aslanov deyir ki, 11 nəvəsini bu şəraitdə böyüdüb. Külək dağıtmasın deyə evin dam örtüyünə iri daşlar düzüb. Pəncərəyə şüşə əvəzi sellofan torbalar çəkilsə də, küləkli hava onu da yararsız hala salıb: “Şəraitimiz göz qabağındadır. Necə zülmlə yaşamışıq, onu Allah bilir. Biz demirik villa tikilsin. Ən azından çadırla təmin olunaq, ya kirayə çıxarsınlar. 11 nəvəm var. Bura gələndə olan uşaqların 28 yaşı var. Bu, 60-70 il öncə inşa edilən binadır. Çöküb torpağa. İlan, əqrəb girir evlərə. Su, qaz, ümumiyyətlə, yoxdur”.

 

Sakinlər deyir ki, dəfələrlə elektrik naqillərinin birləşməsindən yanğın hadisələri baş verib. Binaların yüngül təmirində taxta materialından geniş istifadə edilməsi yanğın təhlükəsini daha da artırır.

 

Ərazidə kanalizasiya sistemi olmadığı üçün sakinlər belə bir kanalizasiya xətti çəkiblər. Lakin xətdən axan tullantı suları açıq əraziyə töküldüyü üçün daha çox yay aylarında bakteriyaların yaranmasına səbəb olur, havaya yayılan üfunət iyi dözülməz olur.

 

Əsli Aslanova deyir ki, elektrik vurduğuna görə, bədənində ağrılar yaranıb: “Elektrik vurdu deyə bir aydır ki, qolum ağrıyır. Qaz olmadığı üçün bu cür vasitələrdən istifadə edirik. Əgər evə bilmirlərsə, bizi çadırla təmin etsinlər, uşaqlarımızı kənarda saxlayaq”.

 

Etibar Babayev də dözülməz şəraitdən narazıdır: “Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Ali Baş Komandanımız sağ olsun. Döyüşdülər, torpaqlarımızı geri qaytardılar. Ancaq hələ Qarabağa nə zaman dönəcəyimiz bəlli deyil. Evlər uçur başımıza”.

 

2018-ci ildə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən mənzillərdə yoxlamalar aparılıb və yarana biləcək təhlükələrlə bağlı əlaqəli qurumlar xəbərdar edilib. Təəssüf ki, nəticəsiz qalıb. Məsələni aydınlaşdırmaq üçün suallarımızı Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ünvanladıq. Komitənin mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev məsələdən xəbərdar olduqlarını bildirdi:  “Hacı Zeynalabdin Tağıyev adına neft zavodunun ərazisində hazırda 38 ailə məskunlaşıb. Komitə həmin ailələrin problemi ilə maraqlanır. Yay aylarında orada su problemi yaşanır. Lakin su təminatı maşınlarla fasiləsiz həyata keçirilir. Diqqətinizə çatdırıram ki, Dövlət Komitəsinin mənzil fondunda boş evlər yoxdur. Məcburi köçkünlər üçün yeni yaşayış massivləri inşa edilmir. Onlar üçün yalnız işğaldan azad olunan ərazilərdə mənzillər tikiləcək. Köçürülmə zamanı ilk olaraq ağır şəraitdə yaşayan insanlar, eyni zamanda həmin ərazidə olan ailələr köçürüləcək”.

 

İbrahim Mirzəyev əlavə etdi ki, köçürülmə zamanı ilk olaraq ağır şəraitdə yaşayan insanlar, eyni zamanda həmin ərazidə olan ailələr köçürüləcək. Görünən isə budur ki, keçmiş məcburi köçkünlər hələ bir müddət də çətin şərtlər altında yaşamağa davam etməli olacaqlar.

 

Xələf Xələfov

Xaqani Hüseynov

Müəllif | Apa.Tv
Apa.tv