Qəbələ haqqında kitablar toplusu təqdim olundu

AMEA-da Qəbələnin tarixinə, etnoqrafiyasına və folkloruna həsr edilmiş kitablar toplusunun təqdimatı olub.

APA TV-nin məlumatına görə, tədbirdə AMEA-nın birinci vitse-prezidenti akademik İsa Həbibbəyli, Türkiyə və Koreyanın Azərbaycandakı səfirləri Erkan Özoral və Kim Tonq Op, Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının sədri Ruhəngiz Heydərova və başqa şəxslər iştirak ediblər.

İştirakçıların çıxışlarından sonra Qəbələ etnoqrafik ekspedisiyasına həsr olunmuş "Qəbələ etüdləri" adlı sənədli film nümayiş olunub.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov deyib ki, bu cür kitabların nəşri Azərbaycan tarixinin dünyada tanıdılmasında əvəzsiz vasitədir: “Qəbələni - Azərbaycan dövlətçiliyinin mərkəzlərindən, təməl nöqtələrindən olan bu şəhəri artıq dünyaya da tanıtmalıyıq. Qəbələ kimi qədim məskənlərimizi dünyaya tanıtmaqla həm də dünya insanına onu söyləyirik ki, Azərbaycanın ən azı 2400 il əvvəl dövləti, dövlətçiliyi, mədəniyyəti, inkişafı, öz iqtisadi sistemi və mədəniyyətinin ən müxtəlif istiqamətlərdə şaxələnməsi var idi. Ona görə belə kitabların ərsəyə gətirilməsi həm də örnəkdir”.

Qeyd edək ki, Qəbələnin tarixinə, etnoqrafiyasına və folkloruna həsr edilmiş 3 cildlik bu kitab rus və ingilis dillərinə də tərcümə edilib.

Həmidağa Məcidov,

Musa Qulammirzəyev,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv