Qəbələdə "Şahdağ" Milli Parkının ərazisində 4 hektar sahə yanıb
Qəbələ rayonunun Tikanlı kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə yanğın baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, bu gün "Şahdağ" Milli Parkının ərazisində baş verən yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yerli bölmələrinin əməkdaşları, Aviasiya dəstəsinin 2 ədəd helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları cəlb edilib. Yanğının söndürülməsi üçün təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilib.
Günorta saatlarında başlayan yanğın axşam saat 19:00 radələrində söndürülüb. Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub. Hadisə zamanı "Şahdağ" Milli Parkının ərazisində 4 hektar sahədə kol-kos, quru ot və ağac qırıntıları yanıb.
Yanğının kim tərəfindən törədildiyi hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.