Qəbələyə istirahətə gedənlər cərimələndi
Həftə sonları Bakıdan, eləcə də sərtləşdirilmiş karantin rejimi elan edilən digər şəhər və rayonlardan Qəbələyə istirahətə gedənlər cərimələnib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan APA TV-nin yerli bürosuna verilən məlumata görə, polis əməkdaşları tərəfindən rayon ərazisində yerləşən otellərdə, gündəlik kirayə evlərdə keçirilən reydlər zamanı sərtləşdirilmiş karantin rejimi elan edilən şəhər və rayonlardan qaydaları pozaraq gələn şəxslərin həmin yerlərdə istirahət etdiyi məlum olub.
Onlar məsuliyyətdən yaxa qurtarmaq üçün müxtəlif bəhanələr gətirsələr də, xüsusi karantin rejiminin tələbləri onların diqqətinə çatdırılıb və qaydaları pozduqları izah olunub.
Həmçinin, nəqliyyat vasitələri də yoxlanış məqsədilə saxlanılıb. Bəzi sürücü və sərnişinlərin də qaydaları pozaraq, istirahət məqsədilə rayona gəldiyi məlum olub.
Həmin şəxslər barəsində protokol tərtib edilərək, cərimələniblər.