Qəbir daşı azyaşlının üstünə aşaraq onu öldürdü - MASALLIDA FACİƏ

Masallıda üstünə qəbir daşı aşan azyaşlı dünyasını dəyişib.

APA TV-nin məlumatına görə, bədbəxt hadisə rayonun Şıxlar kəndində baş verib.

Kənd sakini Səbinə Nəbiyeva mərhum atasının qəbrini ziyarət etmək üçün yaxınlıqdakı qəbiristanlığa gedib. Bu zaman evdə olan 9 yaşlı Əhəd Səmədov anasının ardınca gizlicə evlərinin yanında yerləşən qəbiristanlığa keçib.

Azyaşlının qəbir daşlarından birinə toxunması isə faciə ilə nəticələnib. 

Kəndin İcra nümayəndəsi Qədir Məmmədovun sözlərinə görə, azyaşlı köhnə qəbir daşına toxunub: “Deməli, anasından 35-40 metr məsafədə köhnə baş daşına toxunub. Bu vaxt da baş daşı aşıb. Sinə nahiyəsi baş daşının altında qalaraq möhkəm zədə alıb. Ananın bu hadisədən bir neçə dəqiqə sonra məlumatı olub. Artıq onda gec olub”.

Polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib. Məlum olub ki, azyaşlının üzərinə aşmış baş daşının quraşdırılması zamanı müəyyən tikinti normalarına əməl olunmayıb. Faktla bağlı Cinayət Məcəlləsinin 124-cü, yəni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma maddəsi ilə cinayət işi başlanıb.

Tural Kərimov

Rövşən Əzimov

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv