Qəbirləri qazıb dişləri çıxarıblar, mərmərləri söküb satıblar – APA TV
Bura bir zamanlar Malıbəyli sakinlərinin xilas yoluna açılan qapı olan Quşçular kəndidir. Bir vaxtlar var idi. İndi yoxdur. Ermənilər buranı da tamam dağıdıblar. Kəndin əvvəlki səfası indi ancaq köhnəlmiş xatirələrdə qalıb. Evlər dağıdılıb, ağaclar kəsilib, kənd viran edilib. Ermənilər dinc sakinlərə hücum edən vaxt bu kəndin də çox itkisi olub. Canını düşməndən qurtarmağa çalışan dinc sakinlər Quşçuların dağlarında mühasirəyə alınıb. Ermənilərin Quşçularda törətmək istədikləri soyqırımı planı alınmadı.
Dinc sakinləri erməni tanklarından tüfənglə, avtomatla qoruyan döyüşçülərin qanı bahasına pozuldu o plan... İşğaldan azad edilmiş ərazilərimizin hamısında olduğu kimi Quşçular qəbiristanlığı da dağıdılıb. Yerli sakinlərin yaxınlarının, əzizlərinin məzarlığının izi-tozu da qalmayıb. İndi burda dağıntıya məruz qalan qəbirlər də viran olan kənd də doğma sakinlərinə quvuşub.
İndi bu ünvanlarda abadlıq-quruculuq işlərinin aparılması planlaşdırılır. Gələcəkdə hər dağılan mənzilin yerində yeni ev inşa olunacaq və Quşçular kəndinin sakinləri öz doğma yurd-yuvalarına qayıdıb, burda qayğısız və təhlükəsiz şəkildə həyatlarını davam etdirəcək. O gün uzaqda deyil... Emin Babaayev