Qədim abidəni restoran etsək, nə olar? - Bütün rayonlar qazanacaq

Bir xalqın mədəniyyətini, ənənələrini bir nəsildən digərinə ötürən  vasitələrdən biri də tarixi abidələrdir. Biz hazırda Bilgəh hamamının qarşısındayıq. Təbii ki, buna hamam demək mümkündürsə. Mənzərədən də aydın olduğu kimi hamam dağılmaq üzrədir, zibillik içərisindədir. Bəs tarixi abidələrin bu cür faciəvi sonluq yaşamaması üçün onları özəlləşdirərək qoruyub, saxlamaq mümkündürmü?

 

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr idarəsinin sektor müdiri Nuridə Allahyarova deyir ki, tarixi abidələrin özəlləşdirilməsinə qadağa yoxdur: “Qanunlarımız buna icazə verir. Xüsusi mülkiyyətində, istifadəsində hər hansı bir abidə olan hüquqi və ya fiziki  şəxs həmin abidənin təmiri, bərpası üçün dövlət xidməti ilə mühafizə müqaviləsi bağlayır. Bu mühafizə müqaviləsində onun tarixi abidə ilə bağlı bütün hüquqları və öhdəlikləri öz əksini tapır”.

 

Amma bütün tarixi abidələrin özəlləşdirilməsinə icazə yoxdur. Məsələn, mühəndis kommunikasiyaları, müdafiə obyektləri, xatirə abidələri xüsusi mülkiyyətə verilə, özəlləşdirilə bilməz. Tarixi abidələr özəlləşdirildiyi təqdirdə onların görünüşünə xələl gətirilməməlidir. Mövzunu araşdırarkən indi həyətlərin arasında gizlənən, XIII-XIV əsrlərdə, Şirvanşahlar dövründə tikilən Bilgəh qalasına da üz tutduq. Bu qala Xalq artisti Əminə Yusifqızının həyətində yerləşir. Ancaq biz qalanı nə çəkə, nə də görə bilmədik. Çünki ətrafı hündür divarlar hörülüb.

 

Nuridə Allahyarovanın sözlərinə görə, ümumiyyətlə, elə tarixi abidələr var ki, onlar xüsusi  mülkiyyətçinin həyətində ola bilər: “Ancaq o qədim tikilidirsə, tarixi abidədirsə, tamamilə özəlləşdirildikdən sonra xüsusi mülkiyyətçinin tam mülkiyyətinə veriləcək deyə bir şey yoxdur. Burada mühafizə müqaviləsi mütləqdir. Yəni həmin bağ sahəsində abidə varsa, ona zərər vurulmamalıdır. Hətta təmir olunanda belə aidiyyəti qurumlara müraciət edilməlidir”.

 

Mütəxəssislər düşünür ki, tarixin yaddaşından silinmək üzrə olan abidələr özəlləşdirilib yenidən istifadəyə verilərsə, bu yerli əhali ilə yanaşı, ölkəyə gələn turistlərin də marağına səbəb olacaq. Turizm eksperti Ruslan Quliyev deyir ki, həmin özəlləşdirilən tarixi tikililərdə dövlət tədbirləri, festivallar da keçirilə bilər: “Tədbirlərin təşkili sənayesi deyilən bir sahə var. Buna “işgüzar turizm” də deyirik. Bəzən insanlar ənənəvi yerlərə getmək istəmirlər. Hər hansı tarixi tikili müşahidə obyekti də ola bilər, restoran fəaliyyəti də göstərə bilər. Abidəni özəlləşdirən şəxs normal qazanc əldə edər. Avropa təcrübəsində də görürük ki, müxtəlif tarixi abidələrin əhatəsində karnavalların, festivalların, dövlət tədbirlərinin keçirilməsi böyük maraqla qarşılanır. Bu yerlərdə həm turistlərə xidmət göstərilir, həm də yerli sakinlər istirahət edirlər”.

 

Memar Polad Əsgərov da deyir ki, hazırda ölkəmizdə baxımsız qalan, dağılmaqda olan çox sayda qədim tikili var. Bu tikililər özəlləşdirilib, iaşə obyektləri kimi istifadəyə verilsə, həm bu günümüz, həm də gələcəyimiz üçün faydalı olar. Üstəlik, keçmişimizi də qoruyub saxlamış olarıq: “Belə tarixi abidələr Azərbaycanda çoxdur. Onları şəxsi mülkiyyətə verə bilərlər. Bir şərtlə ki, görkəminə xələl gətirməsinlər, restovrasiya edərək abidəni əvvəlki vəziyyətə qaytarsınlar. Daxilində müəyyən işlər görə bilərlər. Amma yaxşı olardı ki, daxili tərtibatını da pozmasınlar”.

 

Mütəxəssislər düşünür ki, qədim tikililərin özəlləşdirlməsi və yeni təyinatının müəyyənləşdirilməsi üçün aidiyyəti qurumlar xüsusi layihələr hazırlamalıdırlar. Bu məsələ populyarlaşmalı və sahibkarların diqqətini çəkməlidir ki, özəlləşdirməyə maraq da kütləviləşsin. Proses doğru şəkildə aparılsa, həm tarixi abidələrimizin dağılmasının qarşısı alınacaq, həm bölgələrimizdəki maraqlı, görməli yerlərin sayı artacaq, həm də rayonlarda sahibkarlığın inkişafı üçün yeni şanslar yaranacaq.     

 

 

Fatma Zahidqızı,

Kamran Nazmazov,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv