Qədim ləzgi yeməyi: Skanın hazırlanma qaydası

Skan ləzgi mətbəxinin ən dadlı təamlarındandır. Qusarda skan bişirilməsinə xüsusi mərasim kimi yanaşılır. Çox vaxt xanımlar öz qonşuları və ya rəfiqələri ilə bir araya toplaşaraq bu yeməyi bişirirlər.

Qonağı olduğumuz evin xanımı Rəhilə Zəkiyevə skanı ən yaxın rəfiqəsi və qonşusu Ədilə Allahverdiyeva ilə birlikdə bişirir.

Əvvəlcə un, su, duz qatılaraq yumşaq xəmir yoğurulur. Həmin xəmirdən skanın alt və üst qatına döşənəcək fəsəlinin yağlı kündələri hazırlanır. Kündələrdən biri yayılaraq skan bişirilən qabın içinə döşənir. Bundan sonra hazırlanmış içlik qabdakı fəsəlinin üstünə yayılır. İçliyin üzərinə ikinci fəsəli döşənərək kənarları birləşdirilir. Bundan sonra skan bişiriləmək üçün sobaya qoyulur və yarım saat ərzində bişir.

Qusarda skanın onlarla növü var. Görünüş eyni olsa da, tərkibinə qatılan ərzaqlara görə fərqli olur. Ən çox bişirilən skan isə ət və kartofla hazırlanandır.

Skanın hazırlanması üçün un, yağ, qoyun və ya mal əti, kartof, soğan, duz, istiot və zövqə görə başqa ədviyyələr tələb olunur.

Yeməyə el arasında skan piroqu və ya ləzgi pizzası da deyirlər. Yeməyin adı ləzgi dilində “çın-kan” yəni “odun üstü” mənasını verir. Göbələkli, lobyalı, pendirli, qozlu skanlar da var. Bu cür skanları adətən restoranlarda bişirirlər. Evlərdə isə skanın klassik növü (ət və kartofla) bişirilir.

Qusarın  istənilən restoranında da skan sifariş vermək mümkündür. Bu yemək rayona gələn turistlərin də diqqətini cəlb edib və tələbat çoxdur.

Müəllif | Apa.Tv
Apa.tv