Qədim məscidləri kimlər dağıdırmış? 

Xocavənd rayonunda “Azıx-Tağlar mağara düşərgələri” Dövlət Tarix-Arxeoloji Qoruğu yaradılacaq. Bunu Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli qurumun 2021-ci ildəki fəaliyyətinə və 2022-ci il üzrə nəzərdə tutulmuş planlara dair mətbuat konfransında deyib. O həmçinin bildirib ki, Şuşa şəhərində abidələrin “Bərpa təlimatı” hazırlanıb: “Sənəddə işğalın nəticələri və səbəb olduğu dağıntılar, abidələrin monitorinqi və inventarlaşdırılması, abidələrin bərpası və regenerasiyası, bərpa prosesi, abidələrin identifikasiya və lokalizasiya məlumatları, tikililərin tipologiyası və xüsusiyyətləri, abidələrin bərpa statusu və risk faktorları, onların qorunması üçün təcili mühafizə tədbirləri, abidələrin tarixi-memarlıq tədqiqatları və memarlıq tipologiyası öz əksini tapıb”.

Azad Cəfərli əlavə etdi ki, rəhbərlik etdiyi qurum İşğal Muzeyinin yaradılacağı ərazi ilə bağlı müvafiq orqanlara təkliflər təqdim edib: “Ağdam şəhərində Üzərliktəpə arxeoloji abidəsinin, Cümə məscidinin, İmarət abidələr kompleksinin, Qiyaslı kənd məscidinin bərpası ilə bağlı konsept və layihələr hazırlanıb. Ağdam, Cəbrayıl və Füzuli rayonlarında Zəfər Muzeyi və açıq hava altında təşkil ediləcək İşğal Muzeyi ilə bağlı konsepsiya sənədlərinin hazırlanması üçün Dövlət Xidmətinin əməkdaşları müvafiq orqanlarla birlikdə əraziyə baxış keçirib və İşğal Muzeyinin yaradılacağı ərazi ilə bağlı müvafiq təkliflər təqdim edib”.

Bundan başqa, Xidmət rəisi xüsusi olaraq vurğuladı ki, bu gün abidələrdə qeyri-professional bərpa-təmir işlərinin aparılmasına cəhd edilir: “Ötən il abidələrin mühafizə zonalarının zəbt edilməsi və özbaşına tikinti işlərinin aparılması ilə bağlı bir sıra faktlar aşkar olunaraq qarşısı alınıb. Abidələrin qəsdən korlama və ya məhv edilməsi ilə bağlı aşkar olunmuş 7 halla bağlı hüquq mühafizə orqanlarına, 12 halla bağlı isə yerli icra hakimiyyəti orqanlarına müraciət olunub. Nümunə olaraq Ağdaş rayonunda Qarabəy karvansarası, Bərdə rayonu Lənbəran və Uğurbəyli kəndlərindəki məscidlərdə təsdiq edilmiş layihə olmadan işlər aparılıb”.

Azad Cəfərli bu il mədəni abidələrin Bərpa Mərkəzinin yaradılacağını bildirib. Qeyd etdi ki, prosesin əhəmiyyətini nəzərə alaraq, bərpa sənədi Şuşa üçün xüsusi olaraq hazırlanıb.

Aytən Sakitqızı,

Xəyal İskəndərov,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv