Qəhrəman feldşer, yüzlərlə əsgərimizi ölümdən qurtaran şəhid
Vətən müharibəsində tibb işçiləri də böyük qəhrəmanlıq və şücaət göstəriblər. Onlardan biri də baş çavuş Cavid Zeynalov olub. 1990-cı ildə Yardımlı rayonunda çoxuşaqlı ailədə dünyaya gələn Cavidə bacı və qardaşları böyüklü-kiçikli “dədə” deyə müraciət edərdilər. O, məktəbi bitirdiyi il Lənkəran Tibb Kollecinə qəbul olunub. Feldşer ixtisası üzrə 1 il oxuduqdan sonra hərbi xidmətə yollanıb. Füzulidə hərbi xidmətdə olub və qayıdıb kollecdəki təhsilini başa vurub. Öz doğma rayonunda ixtisası üzrə 1 ilə yaxın çalışıb və 2013-cü ildən könüllü olaraq orduda hərbi feldşer kimi fəaliyyət göstərib. Cavid ailədə, kollektivdə, cəmiyyət içində böyük hörmətə sahib olub.
Şəhidin müəllimi Özüxan Cəfərov xatirələrini bölüşür: “O, hərbi xidmətdə olarkən mənim oğlumun yanında əsgər kimi xidmət göstərmişdi. Mənim oğlumda onun haqqında çox gözəl xatirələr var. Çox vətənpərvər uşaq idi. Məktəb illərində o mənim şagirdim olub. Çox savadlı, bacarıqlı, vətənpərvər şagird kimi o fəaliyyət göstərirdi. Onun xatirəsi hər zaman bizim yadımızda olacaq. Allah onu rəhmət eləsin.”
Cavid 2014 və 2016-cı illərdə də Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində baş verən döyüşlərdə qəhrəmancasına iştirak edib və 3-cü dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalına layiq görülüb. Ayağından yaralansa da, xidmətini davam etdirib. 4 ildən sonra isə Vətən müharibəsinin ilk günlərindən yaralı əsgərlərə tibbi yardım göstərmək üçün cəbhənin ən qızğın yerlərində olub. Şəhid olduğu gün ailəsi ilə telefonla danışıb, ölümündən qısa müddət əvvəl həkim olan qardaşı Cəmillə də görüşüb. Yaralı olduğu vaxt da qardaşı onu sağaltmaq üçün çox çalışıb.
Şəhidin atası Vaqif Zeynalov deyir ki, Cavid xəstəxanada komada olduğu zaman qardaşı Cəmil onu xilas etmək üçün çox çalışıb: “O haradasa kimdənsə öyrəndi, dedi, yaralıdır. Mən gedirəm, hospitala gətiriblər. Hospitalda mənə zəng elədi, dedi, komadadır. Heç narahat olma, qorxma, mən onu ayıldacağam. Heç bir yarası yoxdur, sadəcə ayılması var, öz yanımdadır, özüm çalışıram. Həkimdir o, kardioloq. 1-2 saat çalışdı, amma ayılda bilmədi. Heç onu ayılda bilməməyini də mənə demədi, heç nə demədi. Oradan götürüb aparmışdı yuyulan yerə. "Orada yüksək təzyiq vuraq, bəlkə ayıla" demişdi. Mümkün olmadı.”
Şəhidin qardaşı Vasif Zeynallı qardaşı ilə fəxr etdiyini deyir: “ Cavidin şəhid olma xəbəri bizi çox sarsıtdı. Çünki, biz Cavidə həddindən çox inanırdıq. O hərbidə həkim idi və biz inanırdıq ki, müharibədə həkimlərə heç vaxt güllə atmazlar. Amma düşmən o qədər mənfur imiş, o qədər qansız idi ki, həkimlərə də güllə atdı və mənim qardaşım həkim Zeynalov Cavid həmin o düşmənin atdığı xain güllə nəticəsində şəhid oldu. Mən qardaşımla fəxr edirəm.”
2020-ci il sentyabr ayının 30-u baş çavuş Cavid Zeynalov Füzuli rayonu ərazisindəki mövqedə öz müqəddəs vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olur. Doğulub boya-başa çatdığı Yardımlı rayonun Mirimli kəndində torpağa tapşırılır. Şəhid Cavid Zeynalov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunub. İgidimizin qəhrəmanlığı, əziz xatirəsi, ailəsi və 2 övladı bizə yadigar qaldı. Allah rəhmət eləsin!
Tural Kərimov, Rövşən Əzimov, APA TV, Yardımlı