Qəhrəman Natiq Qasımova həsr olunan “Oğul” tamaşaçılara təqdim edildi

Oktyabrın 18-də Nizami Kino Mərkəzində Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Oğul” sənədli filminin nümayişi keçirilib. Üç il ərzində ərsəyə gətirilən bu film 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən əsir götürülən azərbaycanlı hərbçi Natiq Qasımov haqqındadır. Natiq Qasımov hərbi əməliyyatlar zamanı altı döyüş yoldaşını itirdikdən sonra beş gün ərzində təkbaşına müdafiə etdiyi Alban kilsəsində mühasirədə qalır, ermənilərə müqavimət göstərir və təslim olmur. Mənfur düşmən Xocalıda girov götürülən 22 sakini öldürməklə təhdid etdikdən sonra cəsur döyüşçümüz təslim olmağına razılaşır. Ermənilər Natiqin bir neçə gün təkbaşına vuruşmasına heç cür inana bilmirdilər. Onun bu qəhrəmanlığı o zaman döyüş bölgəsində olan xarici jurnalistləri də heyrətləndirir. Azərbaycan tarixinin daha bir qəhrəmanlıq səhifəsindən bəhs edən bu sənədli filmi rejissor və ssenari müəllifi Karan Sinqh italiyalı hərbi fotoreportyor Enriko Sarsininin dərc olunmamış fotoları əsasında ekranlaşdırıb. Enriko Sarsininin Qarabağda baş verənlərlə bağlı danışdığı olduqca kədərli, lakin qürur dolu hekayəni dünyaya tanıtmaq qərarına gələn rejissor həmin hadisəni və qəhrəmanın aqibətini aydınlaşdırmaq üçün üç il Azərbaycan, Ermənistan, İtaliya, Böyük Britaniya və Rusiyada şahidlərlə görüşüb, onların müsahibələrini lentə alıb. Sənədli film iki dəfə ABŞ festivallarında nümayiş etdirilib. Filmdə Natiq Qasımovun erməni əsirliyində dindirilməsi ilə bağlı məqamlar və bu dindirilmələrdə ermənilərin səhra komandiri Vitali Balasanyanın da iştirak etməsinə dair faktlar yer alır. Şahidlərin məlumatına görə, erməni hərbçi Vitali Balasanyan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxs kimi qeydiyyatda olan Natiq Qasımovu əsirlikdə olduğu müddətdə işgəncə ilə qətlə yetirib. Natiq Qasımovun şücaətini parlaq şəkildə əks etdirilən “Oğul” sənədli filmi Azərbaycan Ordusunun 2023-cü ilin sentyabr ayında apardığı uğurlu antiterror əməliyyatlarından sonra yenidən ictimaiyyətin gündəminə gəlib. Film Azərbaycan və ingilis dillərində hazırlanıb. “Oğul”un təqdimatında Prezidentin ailə üzvləri, dövlət xadimləri, ictimai şəxslər və digərləri iştirak ediblər. Tədbir zamanı, həmçinin Qarabağ, Xocalı, şəhidlər, erməni əsirliyi və Azərbaycan həqiqətlərinə həsr olunmuş kitabların satışı da reallaşdırılıb. Təşkilatçıların sözlərinə görə, satışdan əldə olunan gəlir “Yaşat” Fondu və Qarabağ Dirçəliş Fondunun hesablarına köçürüləcək.

Müəllif | Apa.Tv
Apa.tv