Qəhrəmanlarımız şiddətli yanğın nöqtələrini belə söndürdülər

 

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. Ölkə ərazisində yanğın ocaqlarının durmadan artığı bir şəraitdə FHN Dövlət Yanğından Mühafizə hissələr gücləndirilmiş iş rejimində xidmət aparır. Qəhrəman yanğınsöndürənlərimiz mürəkkəb relyefli dağlıq, o cümlədən çətin keçilən və sıldırımlı qayalıq ərazidə yanğınların söndürülməsi üçün 24 saat iş başında olur, yaşıllıqlarımızı, vətənimizin ağciyərlərini yanğından mühafizə etmək üçün əllərindən gələni edirlər. Havanın isti və küləkli olması yanğının tamamilə söndürülməsini çətinləşdirsə də, artıq kəndlər üçün təhlükə geridə qalıb. Məlumat verildiyi kimi, Azərbaycanın Şimal və Şimal-qərb regionlarında meşə və meşəətrafı ərazilərdə baş vermiş yanğınların söndürülməsi tədbirləri davam etdirilir. Hazırda yanğınların nəzarətə götürülərək soyudulması işləri aparılır. Respublika üzrə 110 yanğına çıxış qeydə alınıb ki, onun da 32-si Şimal bölgəsinin payına düşür. Yanğınla mübarizə tədbirlərinə hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin, Şimal və Şimal-qərb regional mərkəzlərinin, Mülki müdafiə qoşunları və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri və xüsusi texnikası, FHN-in Aviasiya dəstəsinə məxsus “BE 200 ÇS” amfibiya təyyarəsi və 2 ədəd helikopteri, həmçinin Daxili İşlər Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları, “Azərsu” ASC-nin, yerli İcra Hakimiyyətinin müvafiq texnikaları cəlb olunub.

Müəllif | Apa.Tv
Apa.tv