Qərargah: “ASAN Viza” vasitəsilə 45 günə vizaların rəsmiləşdirilməsi dayandırılır
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu nəzərə alaraq, ölkə ərazisində virusun yayılmasının qarşısını almaq məqsədilə “ASAN Viza” elektron portalı vasitəsilə 45 gün müddətinə vizaların rəsmiləşdirilməsi dayandırılır.
Nazirlər Kabinetinin yanında Operativ Qərargahdan APA TV-yə verilən məlumata görə, ölkəmizə səfər etmək istəyən xarici ölkə vətəndaşlarının viza rəsmiləşdirilməsi üçün Azərbaycanın müvafiq səfirlik və baş konsulluqlarına müraciət etmələri xahiş olunur.
Azərbaycanın səfirlik və baş konsulluqlarının konsulluq xidməti xüsusi rejimdə fəaliyyət göstərəcək.
Ümumdünya Səhiyyə Təşkilatının təqdim etdiyi siyahıya əsasən xüsusilə koronavirusun geniş yayıldığı ölkələrin vətəndaşlarından viza rəsmiləşdirilməsinə müraciət edərkən COVİD-19 testindən keçmələri barədə tibbi arayış da tələb olunacaq. Bu şərtlər son 14 gün ərzində həmin ölkələrdə olmuş digər əcnəbi vətəndaşlara da şamil olunacaq.
Məlumatda həmçinin qeyd olunur ki, Azərbaycana səfər edən əcnəbi ölkə vətəndaşları fərdi tibbi göstəricilər nəzərə alınmaqla 14 gün müddətinə karantin rejiminə yerləşdirilə və ya ev şəraitində 14 günlük fərdi karantin rejiminə riayət etmələri tələb oluna bilər. Həmçinin, əcnəbi ölkə vətəndaşları COVİD-19 testindən keçirilə bilər.
Çin Xalq Respublikası, Cənubi Koreya, İran İslam Respublikası, Yaponiya, İtaliya, İspaniya, Fransa, Almaniyadan qayıdan Azərbaycan Respublikası vətəndaşları 14 və ya tələb olunduğu halda, 21 günlük karantin rejiminə yerləşdiriləcəklər.
Bütün vətəndaşlardan COVİD-19 virusu ilə əlaqədar Azərbaycan ərazisində tətbiq olunan karantin rejiminə riayət etmələri tələb olunur.
Çin Xalq Respublikası, Cənubi Koreya, İran İslam Respublikası, Yaponiya, Avropa İttifaqı ölkələri, xüsusilə İtaliya, İspaniya, Fransa, Almaniya və digər ölkələrdə olan Azərbaycan Respublikası vətəndaşlarının ölkəmizin aidiyyəti səfirlik və konsulluqlarında konsulluq qeydiyyatına düşmələri və olduqları ölkələrin COVİD-19 virusu ilə əlaqədar müəyyən etdikləri karantin qaydalarına riayət etmələri xahiş olunur.
Azərbaycan Respublikası vətəndaşlarının yaxın iki ay müddətinə xüsusi zərurət olmadığı təqdirdə, xarici ölkələrə səfərlərdən çəkinmələri ciddi şəkildə tövsiyə olunur.