Qərb Minsk qrupunun fəaliyyətinin bərpasında niyə maraqlıdır?
Son vaxtlar Qərb, o cümlədən ABŞ tərəfindən Minsk qrupunun fəaliyyətinin bərpası üçün cəhdlər müşahidə olunur. Başqa mövzularda Rusiyaya əks mövqe bildirən Qərb, nədənsə Qarabağ məsələsində Azərbaycanın maraqlarına qarşı Kremllə sövdələşməyə hazır görünür. Ancaq Minsk qrupuna qarşı ictimai rəy mənfidir. Bu barədə keçmiş həmsədrlərin xatirələrində də qeydlər əksini tapır. Maraqlıdır, 30 illik işğal dövründə fəaliyyətinin bir nəticəsi olmayan “3 muşketyor”un yenidən fəaliyyətə başlaması kimlərin, hansı maraqlarına xidmət edir? Milli Məclisin deputatı Elman Nəsirov qeyd edir ki, Qərb Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlı deyil. Bu səbəbdən ATƏT-in Minsk qrupunun fəaliyyətini yenidən bərpa etməyə çalışır. Deputatın fikrincə, Qərb Ukrayna mövzusunda da Rusiya ilə gizli danışıqlar aparır. Belə ki, Ukraynanın Qərb və Rusiya arasında bölünməsi müzakirə predmetidir. ATƏT-in Minsk Qrupunun bərpası mövzusuna qayıtsaq, gorbagor üçlüyün xortlaması real deyil, Çünki Azərbaycan buna imkan verməyəcək. Hazırkı sülh danışıqlarına dırnaqarası həmsədr müdaxiləsi problemin həllini uzatmaq cəhdləridir. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə vurğulayıb ki, Dağlıq Qarabağ adlı ərazi vahidi kimi, konflikt də mövcud deyil. Minsk Qrupunun isə işi danışıqlar yolu ilə köhnə münaqişənin həllinə nail olmaq idi. Amma onlar da I Qarabağ savaşından sonra BMT TŞ-nın icra olunmayan 4 qətnaməsi təsiri bağışlayırdılar. Ona görə də Azərbaycan 44 günlük müharibədə qazandığı zəfərlə yeni geosiyasi reallıqlar yaratdı. Və Cənubi Qafqaz ölkələri bununla barışıb. Yoxsa Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını elan etməzdi. Bu halda isə Qarabağdakı qondarma rejim hayında olan qrupların fəaliyyətinə lüzum qalmır. ORXAN ASLAN APA TV