“Qərb Zelenskiyə dəstəyi davam etdirmək istəmir” – Kiyev və Odessa da itiriləcək?
“Rusiya Ukrayna müharibəsinə son qoymaq və sülhün bərqərar olması üçün Zelenski ərazilərin bölünməsinə razılıq verməli olacaq”. Bunu məşhur “Daily Express” qəzeti yazıb. Bildirilib ki, artıq Amerika isteblişmenti bu barədə qərar da qəbul edib. Nəşr yazıb ki, Britaniyanın Rusiya üzrə eksperti Ouen Metyus da ABŞ siyasətçilərinin belə bir ssenarinin qaçılmazlığını anlamağa başladığına inanır: “Bölünmə istənilən atəşkəs razılaşması və ya münaqişənin sülh yolu ilə həlli üçün açar olacaq”, deyə o açıqlamasında vurğulayıb. Onun sözlərinə görə, bu, Moskvaya ona məxsus olan yeni əraziləri qoruyub saxlamağa imkan verəcək. Məqalədə bildirilib ki, bir sıra Qərb ölkələrində Ukraynaya yardımın davam etdirilməsindən artan narazılıq və Donald Trampın ABŞ-də mümkün qələbəsi ilə bağlı narahatlıqlar fonunda ərazi güzəştlərinə ehtiyacla bağlı fikirlər artmaqdadır. Qeyd edək ki, bundan əvvəl də bir neçə ekspert mətbuata açıqlamalarında Ukraynanın münaqişə nəticəsində ərazi bölgüsü ilə üzləşə biləcəyini bildiriliblər. Qeyd olunub ki, Kiyev Odessa və Xarkov vilayətləri itirilə bilər. Ukrayna Prezidenti Volodimir Zelenski isə özünün sosial şəbəkə hesablarından çağırış edib ki, Rusiyanın xarici ölkələrdə dondurulmuş maliyyə aktivləri Ukraynaya dəstək üçün istifadə edilməlidir. Ukrayna dövlət başçısının sözlərinə görə, hazırda Rusiyanın xaricdə dondurulmuş aktivləri 300 milyard dollara yaxındır. O, bu məsələ ilə bağlı tərəfdaş ölkələri müvafiq qanunvericilik bazası üzərində sürətlə işləməyə çağırıb:"Bu il biz dondurulmuş Rusiya aktivlərinin Ukraynanın rifahı üçün istifadə edilməsi istiqamətində nəzərəçarpacaq irəliləyiş əldə etməliyik. Biz bu məsələdə qətiyyətlə G7 rəhbərliyinə güvənirik", deyə Ukrayna lideri paylaşımında vurğulayıb.